Qlenn Disyen: Dünya Şərq və Qərb bloklarına bölünür, Qərbin iqtisadi hegemoniyası başa çatır - ŞƏRH

Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Disyen Rusiyanın ABŞ və Qərbi Avropa ilə qarşıdurmasının indiki mərhələsi fonunda yaranmış vəziyyətlə bağlı Caliber.Az-a fikirlərini bildirib. Professor qeyd edib ki, Qərb 1990-cı illərin əvvəllərində imzalanmış ümumavropa təhlükəsizlik sazişlərindən imtina edərək, Rusiyanın daxil olmayacağı yeni Avropa yaratmağı təklif edir.

“Qərb Rusiya ilə əlaqələr səviyyəsini aşağı salmaqla öz təhlükəsizliyini həqiqətən gücləndirib. Hər şey Rusiyanın Qərb üçün təhlükə yarada biləcəyini iddia edən liberal beynəlmiləlçilik ideologiyasına uyğundur, NATO isə Rusiya üçün təhlükə kimi görünmür, çünki təşkilat sadəcə olaraq liberal dəyərləri təbliğ edir”,- ekspert qeyd edir.

İqtisadi hegemon, yəni Qərb öz nəzarəti altında olan beynəlxalq iqtisadi sistemə inamın artmasında maraqlıdır, lakin bu beynəlxalq sistem uğursuzluğa düçar olur- deyə norveçli professor əmindir.

Eyni zamanda, Disyenin fikrincə, bu gün nisbətən tənəzzülə uğrayan iqtisadi hegemon, çox güman ki, uğurlu rəqiblərini zəiflətmək üçün öz alətlərindən istifadə etməyə çalışacaq. “ABŞ və Aİ-nin dayanıqsız borcu dollar və avronun üstünlüklərini tədricən azaldıb, İran, Suriya, Venesuela və Əfqanıstanın aktivlərinin mənimsənilməsi isə bütün Qərb mərkəzli maliyyə sisteminin etibarını tamamilə sarsıdıb.

Rusiya və Çin kimi rəqiblərlə mübarizə nəqliyyat dəhlizlərinin militarizasiyasına gətirib çıxarır. Beynəlxalq Valyuta Fondunun Çinlə əməkdaşlıq etmək istəməməsi Pekini Asiya İnfrastruktur İnvestisiya Bankı kimi paralel institutlar yaratmağa sövq edib. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Bayden dövründə də davam edən Çinə qarşı iqtisadi müharibəsi amerikalı texnologiya və sənaye məhsulları təchizatçılarının etibarlılığına inamı zəiflətdi. Lakin Pekinin cavabı əhəmiyyətli texnoloji suverenliyin əldə edilməsi və tədarükün ABŞ-dan kənarda yenidən təşkili oldu”, - politoloq vurğulayıb.

Bununla yanaşı, Disyen Rusiyaya qarşı tətbiq edilən irimiqyaslı sanksiyaların dünyanın qalan hissəsinə- enerji və ərzaq böhranları, inflyasiya və ümumi iqtisadi tənəzzül şəklində mənfi təsir göstərdiyinə diqqət çəkir.

“Rusiya Mərkəzi Bankının Qərbdəki vəsaitləri dondurulub və Aİ hətta bu əmanətlərin daimi müsadirəsini müzakirə edir. Eyni zamanda Qərbin Rusiya enerjisindən imtina etmək istəyi Rusiyanı bütün enerji ixracatını Şərqə yönləndirməyə vadar edir. Qərbin birtərəfli sanksiyalarına əməl etməyən ölkələr isə iqtisadi təzyiqlərlə üzləşirlər. Göründüyü kimi, növbəti sırada Çin dayanır, çünki Vaşinqton dünyanı iki bloka- demokratik (kollektiv Qərb) və avtoritar (Rusiya, Çin və onların müttəfiqləri) bölməsi ideyasını fəal şəkildə təbliğ edir”,- ekspert deyir.

Bununla belə, Disyen əmindir ki, Rusiya indiyə qədər sənaye üçün təbii ehtiyatlar təmin etdiyi, müəyyən texnologiyalar və sənaye məhsullarını idxal etdiyi Böyük Avropaya artıq can atmır. Böyük Avrasiya Tərəfdaşlığı artıq iqtisadi əlaqələrin şaxələndirilməsi vasitəsi deyil.

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) gəlincə, həmsöhbətimizin fikrincə, təşkilat daha da inkişaf etmək üçün səylərini davam etdirir və yəqin ki, sentyabrda İranı yeni üzv kimi qəbul edəcək: “BRİKS ölkələri isə qlobal iqtisadiyyatda daha mühüm rol oynamaq istəyirlər, bunun üçün təşkilatı genişləndirirlər və artıq Argentina və İranı qəbul etməyə hazırdırlar. Deməliyəm ki, Avrasiya İqtisadi İttifaqı (Aİİ) onların fonunda tədricən inkişaf edir”.

Disyen, yaxın gələcəkdə Rusiya silahlarının Qərbə istiqamətlənəcəyini, Rusiyanın iqtisadi əlaqələrinin isə Şərqdə getdikcə güclənməyə başlayacağını deyib.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə