“Avqustun 25-də Laçın şəhərində və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanacaq” AÇIQLAMA

“Ermənilər uğradıqları acı məğlubiyyətlərinin təsirindən çıxmaq üçün çox ucuz şoulara əl atmaqla məşğuldurlar. Eyni zamanda, bu şou ilə yanaşı yersiz təxribatlara da əl atırlar ki, bu da vəziyyəti süni şəkildə ağırlaşdırmağa hesablanıb”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu qarşısında aciz vəziyyətdə qalaraq sonda havadarlarına yalvarıb 10 noyabr təslimçilik aktını imzalamaqla, məğlubiyyətlərini təsdiq edən ermənilər indi ancaq cırnaq uşaq obrazı rolunu oynayır: “10 noyabr aktının tələblərindən biri Laçın koridoruna alternativ yolun çəkilməsindən sonra Laçın şəhərini, Zabux və bir neçə yaşayış məskəninin azad edilməsi idi. Bu yolun tikintisi maksimum üç il nəzərdə tutulurdu. Azərbaycanın iqtisadi gücünün nümunəsi olaraq yol iki ildən də az bir müddətdə Azərbaycan tərəfindən inşa olunmuşdur. Lakin erməni tərəfi aktın tələbini yerinə yetirmək əvəzinə ilk öncə söz oyunu oynamağa başladı. Aktın məhz bu müddəasını öz amplualarına uyğun izah edərək tələbin yerinə yetirilməməsinə çalışıldı. Lakin bunun nəticə vermədiyini görəndən sonra Beynəlxalq aləmə car çəkilən vay- şivən metodu işə salındı. Bu da işə yaramayanda təxribat işə düşdü və əsgərimiz şəhid oldu. Azərbaycan ordusunun ildırım sürətli Qisas əməliyyatı ilə çox strateji əhəmiyyətli yüksəkliklər azad edildi və düşmənə ağır zərbə vurularaq şəhidimizin intiqamı layiqincə alındı”.

A.Xəlilov onu da bildirdi ki, Qarabağda rus sülhməramlı qüvvələrinin himayəsi altında qalan erməni tör-töküntü hərbçiləri qorxularından postlarını atıb qaçmağa başladı və elan olundu ki, Qarabağda Ermənistan silahlı qüvvələri tam çıxarılır: “İndi bu rüsvayçılığa baxmayaraq həyasızcasına Laçında qeyri-qanuni məskunlaşan bir neçə yüz erməni silahlanmaq və Azərbaycana qarşı döyüşmək eşqinə düşərək çıxmayacaqlarını bəyan edirlər. Azərbaycan ordusu ermənilərə avqust ayının 25-dək Laçın şəhərini və kəndləri tərk etməyi bəyan edib. Ermənilər bu tələbi yerinə yetirəcəklər. Onların, sadəcə, buna cəsarətləri çatmaz ki, əksinə nəsə edələr. Məğlub olmuş ordularının vəziyyəti göz qabağındadır. Bir qrup ordan-burdan qanunsuz gətirilib Laçında məskunlaşan erməni çobanı nə edəcəkdir ki? Azərbaycan ordusunun kiçik bir heyəti bu məsələni dəqiqələr ərzində həll edərək ərazilərimizi bu murdarlardan təmizləyəcək. Ermənilər bunu istəmirlərsə rədd olub getmələri onların özlərinin xeyirinədir. Əminliklə deyirəm ki, avqustun 25-də Laçın şəhərində və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanacaq. Bunu əminliklə deməyə əsasım Ali Baş Komandanımın qətiyyəti, Azərbaycan ordusunun sarsılmaz gücünün olmasıdır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə