"Tarixi ədalət bərpa olunmalıdır" - DEPUTAT ŞƏRH ETDİ

“Doğma dədə-baba yurdu olan indiki Ermənistan əraziləri tarixən Azərbaycan xalqının sıx yaşadığı bir bölgə olmuşdur və həmin bölgədə çoxəsrlik mədəni irs yaranmışdır, tarixi abidələr formalaşıbdır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov bildirib.

Onun sözlərinə görə, mənfur düşmənlərimiz olan ermənilər həmin ərazilərə köçürüldükdən sonra mərhələli şəkildə Azərbaycan xalqını oradan qovmağa başlayıblar: “Terror törədərək, insanları qorxudaraq həm hissə-hissə, həm də kütləvi şəkildə insanlarımızı deportasiya ediblər. Həm də Azərbaycanın milli-mənəvi dəyərləri olan tarixi abidələri, evləri, məscidləri, körpüləri dağıdıb və ya dəyişdirməyə çalışıblar. İndi artıq həmin ərazilərdə Ermənistan dövləti var və bir nəfər də olsun həmin ərazilərdə azərbaycanlı yaşamır. Təkcə azərbaycanlı tarixçilər yox, həm də rus, fransız, alman və digər millətlərdən olan tarixçilər həmin tarixi faxtları yazıb qeyd etmişlər. Lakin biz hələ də istədiyimiz səviyyədə bu faktları dünya ictimaiyyətinə çatdıra bilməmişik. Ölkə Prezidenti cənab İlham Əliyev bir lider obrazında həm Ali Baş Komandan kimi, həm də ölkə Prezidenti kimi bütün sahələrdə islahatlar aparır, yeni layihələrə imza atır. Bu günlərdə də dövlət başçısı tarixlə bağlı, baş verən hadisələrlə bağlı faktları qeyd edir və dünya ictimaiyyətinə bunu hər dildə çatdırır. Əlbəttə İrəvanın, Zəngəzurun tarixi ilə bağlı kifayət qədər kitablar yazılıb, lakin hələ görəcək işlərimiz çoxdur. Necə ki, Azərbaycan ərazisində hələ də ermənilər yaşayır. Zamanı gəldikcə azərbaycanlılar da öz yurdlarında yaşayacaq. Yəni erməni cəmiyyəti artıq anlamalıdır ki, ordan köçməyə məcbur qalmış xalqımız öz vətəninə qayıdacaq. Biz bu gün Ermənistanla heç bir torpaq iddiası etmirik. Lakin tarixi ədalət bərpa olunmalıdır. Orada yüzillərlə yaşayan azərbaycanlılar geri qayıdacaqlar.

Hazırda Azərbaycanda Qərbi azərbaycanlıların hüquqları ilə bağlı olan cəmiyyət mövcuddur. Onlar işlərini bir az da aktivləşdirməli, yalnız Azərbaycanda deyil, həm də digər ölkələrin ictimai-siyasi arenasında iştirak etməli, tarixi faktları qeyd etməlidir. Yəni bu sahədə təbliğatımızı gücləndirməliyik. Hər birimiz tariximizi yaxşı bilməliyik və onu doğru-düzgün təbliğ etməliyik. Gələcək fəaliyyətlərimizdə Qərbi Azərbaycanla bağlı sənədli filmlər çəkməliyik, kitablar yazmalıyıq, onu təbliğ etməliyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...