"Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil" - DEPUTAT AÇIQLADI

"Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli idi. Lakin qlobal pandemiya səbəbindən yarış bir il təxirə salındı. Oyunların məhz Konyada keçirilməsi isə təsadüfi deyil". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, qədimdən bəri Konya şəhəri İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır: "V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən atletlər idmanın 24 növü üzrə yarışlarda mübarizə aparacaqlar. Ölkəmizi İslamiadada 281 idmançı təmsil edir. Hər birinə uğurlar arzu edirəm. İdman bizim dövlətimizin siyasətində priotet məsələlərdəndir. Bu gün dünyanın müxtəlif ölkələrində, ayrı-ayrı növlər üzrə idmançılarımız bayrağımızı zirvələrə qaldırıb.

Bütün bu nailiyyətlərin arxasında isə cənab Prezidentin ölkə idmanına və idmançılara olan diqqət və qayğısı dayanır. Bunun da bariz nümunəsi ölkə başçısının Konya şəhərinə çatan kimi Azərbaycanı bu yarışlarda təmsil edəcək olan idmançılarla görüşməsidir. Cənab Prezidentin özü də qeyd etdiyi kimi, artıq bu ənənə halını alıb, demək olar ki, əksər beynəlxalq yarışlarda Prezidentimiz idmançılarla görüşüb, onları qələbəyə daha da ruhlandırır".

Deputat sözlərinə belə davam edib: "Avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi keçirildi. Demək olar ki, açılış mərasimi Türkiyənin qədim tarixini əks etdirdi. Doğrudur, qardaş ölkənin şanlı tarixi bu mərasimə sığmasa da, az da olsa, Türkiyənin gücü nüfuzu nümayiş olundu. Bu, sadəcə, yarış xatirinə keçirilmir, türk-islam dövlətlərinin birliyini, nüfuzunu dünyaya çatdırmaq üçün də bir vasitədir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığının möhkəmliyi, bağlılığı bir daha bütün dünyaya nümayiş olundu".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...