Dil millətin simasını səciyyələndirən amillərdəndir ŞƏRH

Dil millətin simasını səciyyələndirən amillərdəndir ŞƏRH

Dil hər bir millətin varlığını ifadə edən, maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən vasitədir. Bizim ana dilimiz vüqarımızdır, tariximiz, keçmişimiş, bu günümüz və gələcəyimizdir. Bu günə qədər tarixi reallıqlar deməyə əsas verir ki, çox ziddiyyətli yollar keçmiş Azərbaycan dili öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, dilimizə öz təsirini göstərməyə bilməzdi. Rus şovinizminin təsiri nəticəsində, əlifbamızın dəyişməsi, kiril əlifbasına keçid, ana dilimizin zəifləməsinə gətirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərlə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı.

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini göstərdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk aylardan dilimizin dövlət dili səviyyəsinə qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Azərbaycan müstəqillik qazandıqdan sonra Ulu Öndərin hakimiyyətə qayıdışı ilə bir çox sahələrdə olduğu kimi, dil sahəsində də uğurlu tədbirlər reallaşdı. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım oldu.
Ulu Öndərin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli Sərəncamına uyğun olaraq Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edildi. Azərbaycan Prezidentinin 24 avqust 2007-ci il tarixli digər bir Sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşrinə başlanıldı. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncamı Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.Bu sahəyə aid digər sərəncamlar ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan dilinin inkişafına öz töhfələrini verir.

Azər Nemətli,

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə