Azərbaycanda din-dövlət münasibətləri və vətəndaş həmrəyliyi TƏHLİL
Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayı başlayır
Miladi təqvimi ilə iyulun 30-u Məhərrəm ayının ilk günüdür. Belə ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 30-na təsadüf edir. Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə təsadüf edir. Xatırladaq ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. İslamiyyətdə bu ayın öz fəziləti və öz dəyəri var. Bu ay bütün islam dünyasında mənəvi paklıq, saflaşma və ilahi hidayət ayı kimi qeyd edilir. İslama etiqad edən hər bir müsəlman Məhərrəmlik ayında nəyi necə etmək və necə davranmaq barədə götür-qoy edir. Məhz bu zərurətə uyğun olaraq, hər bir müsəlman Məhərrəmlikdə xüsusi qaydalara əməl etməyə çalışır, nəyin doğru, nəyin yanlış olması barədə dərindən düşünür.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar yaydığı müraciətdə bildirilir ki, Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən və ailə şərəfi uğrunda fədakarlığın və mükəmməl əxlaqın parlaq təzahürünü yaratmışlar. Bu mənada İmam Hüseyn məktəbi - Allah, Vətən və xalq naminə şəhadətin nümunəvi göstəricisi, mənəvi-əxlaqi dəyərlər müstəvisində danılmaz yeri olan dini-tarixi örnəkdir. İmam Hüseyn əleyhissalamın müqəddəs xatirəsinin və Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq, ailə naminə şəhidlik məktəbinin əbədi təcəssümüdür. Həmd olsun Allaha ki, Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəmində qarşılayırıq. Müraciətdə qeyd olunur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizə dualar edirik. Qarabağda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü və müdrik dövlət başçımızın sayəsində reallaşan arzularımız, dualarımızdır.
HUMANİST ƏNƏNƏNİ DAVAMI
Qazılar Şurası olaraq dindarlarımıza xatırladılıb ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. şəriətə görə icazəli deyildir. Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir.
Dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, dini mərasimlər məscid, ziyarətgah və onlara aid ərazilərdə keçiriləcəkdir. Mürəciətdə o da qeyd olunur ki, Allah yanında imanın, mənəviyyatın yüksək məqamlarından biri – ailə, torpaq və Vətən uğrunda şəhidlikdir: "Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah-taalanın Nəim cənnətləri ilə müjdələnən, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, bütün xalqımıza dəyanət və səadət diləyirik".
DİNİ ADƏT-ƏNƏNƏLƏRİMİZ YAŞAYIR
Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Dövlət başçısı, mütəmadi olaraq, din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir və dini ibadət yerləri təmir-bərpa olunub, inanclı insanların istifadəsinə verilir. Ölkə ərazisində 2200-dən artıq məscid fəaliyyət göstərir. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də, dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək, müasir dövrümüzədək qoruyub-saxladığımız milli-mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB