Ana dili cəmiyyətin inkişafına yüksək səviyyədə təsir göstərən misilsiz dəyərdir ŞƏRH

Ana dili cəmiyyətin inkişafına yüksək səviyyədə təsir göstərən misilsiz dəyərdir ŞƏRH

Ana dili millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutudur. Bu yüksəliş isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Dünya ölkələrində ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Ana dili fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalamış (552 nömrəli Fərman) və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.

"Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir", - deyən ümummilli lider Heydər Əliyev 2001-ci il iyulun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da imzaladığı "Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.

Bu ənənələri ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısı cənab İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamına əsasən, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Bu istiqamətdə görülən işlər ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür. Bu sənədin məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Dövlət Proqramı, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, "İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir". Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Regionlarda dil situasiyasına nəzarət məqsədilə bir sıra rayonların ərazisində küçə adlarında, reklam və elanlarda, idarəçilik və kargüzarlıqda ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək məqsədilə mütəmadi olaraq monitorinqlər təşkil olunmuşdur.Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur. Xalqın hər bir nümayəndəsi öz dilinin təmizliyi uğrunda mübarizə aparmağa, dili yad ünsürlərdən qorumağa borcludur. Biz başqa dillərə ehtiramla yanaşmaqla bərabər ana dilimizə xüsusi diqqət yetirməli, onu yaşatmalıyıq. Dilimiz varsa, biz də varıq…

Fərid Mustafayev

YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə