Yeni texnologiyaların tətbiqi Azərbaycanın inkişaf göstəricisidir TƏHLİL

Yeni texnologiyaların tətbiqi Azərbaycanın inkişaf göstəricisidir TƏHLİL

"ASAN xidmət" mərkəzlərinə 54 milyona yaxın müraciət daxil olub

Dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülüb. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb və bu gün onun tabeliyində "ASAN xidmət" mərkəzləri xidmət göstərir ki, bu da qısa müddətdə özünü doğrultdu.

Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu gün əbəs deyil ki, İKT respublikada korrupsiya ilə mübarizə, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bu onu göstərir ki, Azərbaycan uğurlu inkişaf modelinə malik dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir: "Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – "ASAN xidmət" ictimai münasibətlərin və xidmətlərin müasir modelidir". Dövlət başçısının dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirdiyi islahatların tərkib hissəsi olan "ASAN xidmət" dövlət və özəl xidmətlərin vahid məkandan innovasiyaların tətbiqi ilə vətəndaşlara çatdırılması sahəsində uğurlara səbəb olub. Azərbaycanın "ASAN xidmət" modeli dünyanın bir çox ölkələri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir və bu təcrübəyə böyük maraq var.

ÖLKƏ ÜZRƏ 24-CÜ "ASAN XİDMƏT" İSTİFADƏYƏ VERİLDİ

Dövlət başçısının Sumqayıta səfəri çərçivəsində 2 saylı Sumqayıt regional "ASAN xidmət" Mərkəzinin açılışı olub. Bu artıq Sumqayıtda 2-ci, ölkə üzrə isə 24-cü olan "ASAN xidmət" Mərkəzidir. Sumqayıtda fəaliyyət göstərən 1 saylı regional "ASAN xidmət" Mərkəzi gün ərzində 3 minə qədər vətəndaşa xidmət göstərir. Xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq, Sumqayıtda ikinci regional "ASAN xidmət" Mərkəzi inşa edilərək istifadjəyə verildi. Ümumilikdə, ölkə üzrə "ASAN xidmət" mərkəzlərinə bu günədək 54 milyona yaxın müraciət daxil olub.

2 saylı Sumqayıt regional Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən Sumqayıt şəhəri, Qobustan, Xızı, Siyəzən və Abşeron rayonlarında qeydiyyatda olan 700 minə yaxın vətəndaşa ümumilikdə 325 xidmət göstəriləcək. Eyni zamanda, Mərkəz ölkəmizin digər regionlarında qeydiyyatda olan vətəndaşlara da ərazi məhdudiyyəti olmadan xidmət edəcək. Bu Mərkəzdə dövlət orqanlarının fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla, ümumilikdə 192 əməkdaş və 45 könüllü çalışacaq. Mərkəzdə ənənəvi olaraq "ABAD Food Hall" da təşkil edilib.

Ümumiyyətlə, bu gün Azərbaycanda gedən bütün işlər müasir səviyyədə həyata keçirilir. Hər görülən iş, aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin, həyatın firəvanlığına yönəlib. Buna Azərbaycanın bütövlükdə inkişafı imkan verir. "Ölkəmiz müasirləşir, inkişaf edir. "ASAN xidmət"in fəaliyyətə başlaması bizim niyyətimizi göstərir. Biz istəyirik ki, insanlar rahat yaşasınlar, ən gözəl xidmətlərə malik olsunlar, – deyən Cənab İlham Əliyev korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə də "ASAN xidmət"in çox mühüm rol oynadığını vurğulayıb. Qeyd edək ki, bu mərkəzlərdə vətəndaşlara göstərilən xidmətlərdən məmnunluq dərəcəsi 98-100% arasında dəyişir. Yeni texnologiyaların, innovasiyaların tətbiqi yeni fikrin, yeni yanaşmanın yaranması Azərbaycanın inkişafının göstəricisidir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə