Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır ŞƏRH

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır ŞƏRH

Bildiyimiz kimi, iyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə dəyərləndirmə apararaq ölkə ictimaiyyətinə geniş məlumat verdi. Ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin icra edildiyini, xarici siyasət istiqamətində yeni önəmli addımların atıldığını, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını qeyd edən cənab Prezident beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın aparıldığını, Azərbaycanın Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına böyük töhfə verdiyini, Avropa İttifaqı ilə fəal əməkdaşlığın aparıldığını, Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkəmizin hər zaman fəallıq göstərdiyini, həm təşkilat çərçivəsində, həm də üzv ölkələr arasında təmasların genişləndiyini diqqətə çatdırdı.

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinə toxunan ölkə başçısı qeyd etdi: “Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik, real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.”

Bəli, Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır, məğlub edilmiş tərəf kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ötən dövr ərzində yalnız delimitasiya üzrə işçi qrupların görüşü keçirilmiş və sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul olunmuşdur ki, bütün bunlarda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmişdir. Lakin Ermənistan 10 noyabr Bəyannaməsində üzərinə götürdüyü digər məsələlərin həlli istiqamətlərində real addımlar atmır. Bu məsələlərdən biri də, Erməmistan silahlı birləşmələrinin qalıqlarının hələ də Qarabağda qalmasıdır. Sözsüz ki, bu, qəbuledilməzdir. Ermənistan məğlub tərəf kimi kapitulyasiya aktına imza atıbsa, orada göstərilən bütün müddəalara qeyd-şərtsiz əməl etməlidir.

Tarixə nəzər salsaq görərik ki, hələ münaqişə dövründə, 30 ilə yaxın müddətdə Ermənistan hər zaman həm hərbi, həm də siyasi-diplomatik müstəvidə müxtəlif təxribatlara əl ataraq danışıqlar prossesini pozmağa, status-kvonu qoruyub saxlamağa, işğalçı siyasətini davam etdirməyə çalışırdı. Lakin Ermənistanın apardığı bu çirkin siyasətin, məkrli oyunların heç bir nəticəsi olmadı. Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq Ermənistanı məğlub etdi və onun havadarlarının ikili standartlar siyasətini iflasa uğratdı. Bu dərsdən nəticə çıxarmayan Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmaqla yenə də öz məkirli siyasətinə sadiq qalaraq vaxt udmağa çalışır. Ermənistan atdığı yanlış addımlara,10 noyabr Bəyannaməsini kobudcasına pozduğuna görə məsuliyyət daşıyır. Bu ölkənin rəhbərliyi cənab İlham Əliyevin etdiyi ciddi xəbərdarlıqlardan, verdiyi açıq mesajlardan nəticə çıxarmalıdır. Artıq Ermənistan bu yoldan əl çəkməlidir və anlamalıdır ki, bu siyasətlə heç nəyə nail ola bilməyəcək.

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə