Pandemiya davam edir: virusun yeni mutasiyaları aşkarlanır TƏHLİL

Pandemiya davam edir: virusun yeni mutasiyaları aşkarlanır TƏHLİL

Dünya miqyasında, eləcə də ölkəmizdə son iki ildən artıq bir zamanda koronavirus pandemiyası ilə birgə yaşadıqlarımız bu virusun nə qədər təhlükəli olduğunu bir daha ortaya qoydu. Qısa müddətdə dünyamızı bürüyən, milyonlarla insanın ağır virusa yoluxmasına, insanın acı ölümünə səbəb olan COVİD-19 pandemiyasının nəticələri ölkələrin ağır iqtisadi, sosial böhranlarla üzləşməsinə səbəb oldu. Bu bəladan dünyanın bütün dövlətləri həm maddi, həm də, mənəvi böyük xəsarətlər aldılar və bu gün də davam etməkdədir. Dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətlərin belə bu virusun qarşısında gücsüz olduqları məlum oldu. Ölkəmizin pandemiya ilə mübarizədə nəticələri isə deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti birlik nümayiş etdirərək, fədakarlıqla anlayış, hörmət, güvən, sevgi çərçivəsində çox mükəmməl və peşəkarlıqla vəziyyəti idarə edə bilir.
Çindən başlanan virus infeksiyası sanki işıq sürəti ilə tez bir zamanda dünya ölkələrinə yayıldı və insanların gizli düşməninə çevrildi. Virusun təhlükəli olduğunu nəzərə alan dövlətimiz tərəfindən tez bir zamanda COVID 19-la mübarizə məqsədi ilə tədbirlər görüldü. Yoluxma halının qarşısının alınması məqsədi ilə görülən işlər, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi, qapanmalar və bu kimi qərarların qəbul edilməsi virusun yayılmasının qarşısının alınmasına qarşı istiqamətləndi. Qısa zamanda modul xəstəxanaların istifadəyə verilməsi, "Yeni klinika"nın açılışı və s. dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər görülən işlər sırasındadır. Bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında Azərbaycanın adının yer alması həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir.

AZƏRBAYCAN DÜNYA DÖVLƏTLƏRİNİ ORTAQ DÜŞMƏNLƏ MÜBARİZƏDƏ VAHİDLİK, BİRLİK NÜMAYİŞ ETDİRMƏYƏ ÇAĞIRDI

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan öz daxilində pandemiyaya qarşı öz iradəsini qoymaqla yanaşı, ilk dövrdən öz humanitar təşəbbüsləri ilə seçilən dövlətlərdən birinə çevrildi. Bu istiqamətdə Azərbaycanın beynəlxalq əməkdaşlığın pozitiv nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar dəyərində könüllü ianələr ayırdı. Azərbaycanın belə böhranlı şəraitdə yardım alan dövlət deyil, məhz yardım edən dövlət rolunu oynaması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən vaxtında və məntiqi ardıcıllıqla verilən qərarların önəmini əsaslı şəkildə sübut etmiş oldu.
Pandemiyanın ilk günlərindən ölkə rəhbəri Cənab İlham Əliyevin çevik qərarları və tapşırıqları ilə bu bəlanın ilkin mərhələsindən müsbət nəticələr əldə etdik. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın "İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır", - fikirləri bir daha xalqı həmrəyliyə səslədi.
Azərbaycan COVİD-19-la mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayan dövlətlərdən biri kimi müxtəlif platformalar vasitəsilə dövlətləri bu birliyə səslədi. Dövlət başçısı beynəlxalq miqyasda pandemiya ilə mübarizədə çoxsaylı ikili videokonfrans formatında görüşlər keçirdi, dünya dövlətlərini ortaq düşmənlə mübarizədə vahidlik, birlik nümayiş etdirməyə çağırdı. Türk Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü və görüşdə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi əhəmiyyət daşıyır. Azərbaycan hər zaman dünyanı sülhə, ədalətə çağırdığı kimi, bu məsələdə də mövqeyini ortaya qoymuşdur. Bildiyimiz kimi, peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək, BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürdü. "Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir", - deyən dövlət başçısı İlham Əliyev bildirmişdi ki, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğururdu. Ötən ilin noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə QH üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edildi. Qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulmuşdu. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir və bunun Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca amillərdən olduğu vurğulanırdı. Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisidir. Əlbəttə ki, dinindən, irqindən asılı olmayaraq bütün bəşər övladına münasibət eyni olmalıdır. İnsanların kasıb, yaxud varlı ölkələrdə yaşamasından asılı olmayraq, insan amilinə diqqət ayrılmalı və bütün bəşər övladı bu bəladan qısa bir zamanda xilas olmalıdır. Bu yol vaksinasiya olunmaqdan keçir.

AZƏRBAYCAN DÜNYA ÖLKƏLƏRİ İLƏ MÜQAYİSƏDƏ AZ İTKİ VERDİ

Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirməsi də təbii ki, ölkəmizdə reallaşan tədbirlərin təzahürüdür. Əlbəttə ki, bu gün də ölkəmizdə vəziyyət daim nəzarətdədir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycanda "COVID-19"-la mübarizə istiqamətində görülən tədbirlər sırasında əhalinin vaksinasiyası da uğurla reallaşır. Azalma sayı müşahidə olunduğu zamanda belə insanlar yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunurdu və bu gün də belədir. Bu günə qədər Azərbaycanda yeni növ koronavirus - COVID-19 infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 7 milyonu ötüb. Belə ki, indiyədək aparılan testlərin sayı 7 milyon 2 min 575-ə bərabərdir. Bu statistik rəqəm onun göstəricisidir ki, hər bir vətəndaş peyvəndlənməyə məsuliyyətlə yanaşır. Vətəndaşların bu bəladan xilas yolu vaksinasiyadır. İndiyədək ölkədə ümumilikdə 794 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 998 nəfər müalicə olunaraq sağalıb, 9 min 723 nəfər vəfat edib. Ölüm sayının bu qədər olması əlbəttə ki, acınacaqlıdır. Dünya ölkələri ilə müqayisədə az itki vermiş olsa da, amma yenə də təəssüf doğurur. Vətən müharibəsində Azərbaycan Zəfər qazandı və 3000 (üç min) şəhid verdi. Amma pandemiya dövründə artıq Azərbaycanda 10000 (on minə) yaxın insan vəfat edir. Öz həyatını, yaxınlarını təhlükədən xilas etmək üçün hər bir vətəndaş vaksinasiya olunmalıdır. Vaksinasiya başlanılan ilk günlərdə tərəddüd edənlər sonralar artıq bunun nə qədər vacib olduğunu anlamış oldular. Bir daha əvvəlki günlərimizə qayıtmaq üçün məsuliyyətli olmalı, düşmənə qalib gəlməli "Biz birlikdə güclüyük" deməliyik. Bildiyimiz kimi, vaksinasiyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqelərdədir.

MEYMUNÇİÇƏYİNƏ YOLUXMA DÜNYANIN 60-DAN ARTIQ ÖLKƏSİNDƏ TƏSADÜF EDİB

Yaxın aylarda ölkəmizdə yoluxma halının bir və ya iki rəqəmli arasında olması bizi çox sevindirmişdir. Amma bu gün yenə də üç rəqəmli üzərində dəyişməkdədir. Azərbaycanda artan yoluxma halları, "omikron" ştamından qorunmaq üçün diqqətli olmalıyıq. Koronavirus pandemiyası davam edir və virusun yeni mutasiyaları aşkarlanır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesusun bildirdiyinə gərə, "Omikron"un BA.4 və BA.5 yüksək dərəcədə yoluxucu alt tiplərinin yayılması ilə əlaqədar olaraq bütün dünyada koronavirusa yoluxma hallarının sayı, həmçinin xəstəxanaya yerləşdirilmə və ölüm halları göstəriciləri artır. Onun sözlərinə görə, bütün dünyada SARS-CoV-2 viruslarının genetik analizi və testlərin sayı kəskin şəkildə azaldığından virusu izləmək əvvəlkindən daha çətin olub. Doktor Tedros xatırladıb ki, vaksinlər milyonlarla insanın həyatını xilas etməyə kömək edib. Onun sözlərinə görə, bu gün hökumətlər bütün risk altında olan insanların əlavə gücləndirici dozalar ala bilməsini təmin etməyə diqqət etməlidirlər. O, həmçinin qızılca və pnevmoniya da daxil olmaqla, əhalinin digər ölümcül xəstəliklərə qarşı peyvənd edilməsinin vacibliyini də qeyd edib.
Azərbaycanda isə hələ meymunçiçəyi aşkarlanmayıb. Buna baxmayaraq, hər bir insan məsuliyyətli olmalı, gigiyena qaydalarına əməl olunmalı, sosial məsafə gözlənilməlidir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə