Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 53-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millər vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov, millət vəkili Kamaləddin Qafarov, Binəqədi rayon icra hakimiyyəti başçısının müavinləri, YAP Binəqədi rayon təşkilatının fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb və əziz xatirəsi ehtiramla anılıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, 1969-cu il 14 iyul Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan bir tarixi gündür. Çünki həmin tarixdən başlayaraq, Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz sürətli inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikamız və xalqımız nicat yoluna qədəm qoydu.
Sonra millət vəkili, YAP İdarə Heyətinin üzvü Anar İsgəndərov məruzə ilə çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz rolu hər zaman ehtiramla xatırlanmalı və gələcək nəsillərə ötürülməlidir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, xarici əlaqələrində əsaslı dönüş yarandı, ciddi uğurlara imza atıldı.Tədbirdə yekun nitq ilə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasının xalqımız üçün sonsuz qürur və iftixar olduğunu bildiriib. Onun sözlərinə görə, Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ümummilli maraqlarımıza xidmət edib. Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi, inkişafı, tərəqqisi, bütövlüyü, dünyadakı nüfuzunun artırılması, haqlı mövqeyimizin təbliğatı uğrunda fədakarcasına çalışıb. Bu gün ölkəmizdə aparılan uğurlu islahatların əsası məhz Ümummilli Liderin siyasi kursunun məntiqi davamıdır.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB