Azərbaycanın yenidən Qoşulmama Hərəkatına sədr seçilməsi tarixi hadisədir – DEPUTATIN ŞƏRHİ

“1961-ci ildə keçmiş Yuqoslaviyanın, həm də Serbiyanın paytaxtı Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hərəkatı qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynayıb. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, beynəlxalq münasibətlərdə çoxtərəfliliyin həqiqi nümunəsi hesab edilir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsiplər Qoşulmama Hərəkatının təməlində dayanır: “Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Əgər bütün ölkələr bu prinsiplərə riayət etsəydilər, onda biz müharibəsiz dünyada yaşayardıq. Dövlətlərin ərazi bütövlüyünün pozulması qətiyyən qəbuledilməzdir. Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəlib. Qısa müddət ərzində ölkəmiz Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib. Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qalanda Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir. Ölkəmiz pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir”.

A.Hüseynov qeyd edib ki, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadıldı: “Bu da bir daha onu sübut edir ki, ölkəmiz Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə həmişə sadiqdir. Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə və heç bir hərbi bloka qoşulmamaq üzrə xarici siyasət kursu həyata keçirir. Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində təsisatın üzvü olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə təşkilata sədrliyi dəstəkləndi. Konfransda çıxış edən ölkə başçısı da qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Dünyada ən böyük ədalətsizliklə üzləşən ölkələrdən biri də Azərbaycandır. Ermənistan tərəfindən ərazisinin 20 faizinin işğal edilməsi, bir milyon azərbaycanlının öz dədə - baba yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və bu işğalın 30 il davam etməsi, dünyanın gözü qarşısında baş verən ən böyük ədalətsizlik idi. Bu ədalətsizliyə və işğala beynəlxalq ictimaiyyət tərəfindən son qoyulacağını təqribən 30 il gözləyən Azərbaycan 44 gün ərzində bu münaqişəyə özü son qoydu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini icra edərək, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi. Qeyd etmək lazımdır ki, bu cür mötəbər tədbirin məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə