Azərbaycan - Gürcüstan münasibətləri: 30 ilin reallıqları TƏHLİL

İqtisadi, siyasi, sosial və s. sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın qurulmasına və davamlı olmasına təsirini göstərir. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub, əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilib. Azərbaycan ilə Gürcüstan arasında əlaqələr də möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açıb. İki ölkə arasında diplomatik əlaqələr – 30 il əvvəl 1992-ci ildə qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı iki xalq arasında münasibətlərin inkişafına yeni imkanlar açdı. Azərbaycanla Gürcüstan arasında yaxınlığın və əlaqələrin inkişafına böyük təkan verən ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindəndir.

Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7–8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb.Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə bu münasibətlər daha da dərinləşmişdi. Nəhayət, 2005-ci il mayın 24–25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi.

"BİRGƏ HƏYATA KEÇİRDİYİMİZ LAYİHƏLƏR HƏM ÖLKƏLƏRİMİZ, HƏM QİTƏ, HƏM DƏ DÜNYA ÜÇÜN ÖNƏMLİDİR"

Gürcüstan prezidenti xanım Salome Zurabişvilinin Azərbaycan səfəri də bu münasibətlərin möhkəmliyini bir daha təsdiq etmiş oldu. Onun regionda birinci səfərinin Azərbaycan olması qonşu və dost ölkə olduğuna əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bildirdiyi kimi, biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik: "Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik… Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq". Gürcüstanla Azərbaycanı, hər şeydən əvvəl, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. Regionda yeni mühüm bir layihəni ərsəyə gətirmək üçün iki dövlətin mövqeləri üst-üstə düşür. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan və Azərbaycanın bütün sahələrdə çox uğurla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olduğunu bildirmişdi: "Bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə nəzər salsaq, görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik". Həyata keçirilən bu layihələr iqtisadi inkişafa böyük təsirini göstərməkdədir.

GÜRCÜSTAN VƏ AZƏRBAYCAN ÇOXMİLLƏTLİ, ÇOXKONFESSİYALI ÖLKƏLƏRDİR

"Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar" - deyən Cənab Prezident Gürcüstan və Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkələr olduğunu vurğulayıb: "Bu, bizim böyük sərvətimizdir. Ölkələrimizdə yaşayan bütün xalqların nümayəndələri özlərini çox rahat hiss edirlər. Bu, ölkələrimizin bugünkü və gələcək inkişafı üçün çox önəmli amildir". Bütün sahələrdə uğurlu əlaqələr böyük layihələrin reallaşmasına səbəb olur və iki dövlət arasında olan dostluğun təməlini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "…bizim bütün sahələr üzrə əməkdaşlığımızın çox böyük perspektivləri, ən əsası isə, güclü siyasi iradə var. Gürcüstan və Azərbaycan bundan sonra da bir-birini dəstəkləyəcək. Biz reallaşan layihələri bundan sonra da inkişaf etdirəcəyik və yeni layihələr haqqında düşünəcəyik". Bildiyimiz kimi, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi kökləri var. Əsrlər boyu qonşu olan Azərbaycan və gürcü xalqları arasında heç bir zaman ciddi problem, münaqişə olmayıb. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantına çevrilib. Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə dəstək olmuşlar.

BİRGƏ SƏYLƏR REGİONDA SABİTLİYİN, SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ TÖHFƏLƏR VERİR

Bu əlaqələr bu gün uğurla davam etdirilir. Bildiyimiz kimi, Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün bərpası münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlamışdır. Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığını bildirən Gürcüstan Prezidenti dövlətləri tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirdiyini qeyd etmişdir. Məktubda o da qeyd olunub ki, birgə səylərimizlə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq, həmçinin regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq. Əlbəttə ki, bu münasibətlər qarşılıqlı etimada əsaslanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanlamışdır. Məktubda qeyd olunur ki, Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır: "Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir". Göründüyü kimi, dövlətləri birləşdirən çoxtərəfli əlaqələr, eləcə də çoxəsrlik dostluq, qardaşlıq münasibətləri möhkəm təməl üzərindədir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə