Qazaxıstan da Rusiyadan qaçır - ANALİZ

Qazaxıstan da Rusiyadan qaçır - ANALİZ

Dünya sanki yenidən formalaşır. Söhbət ölkələrdən və onların sərhədlərindən, dövlət və xalqın maraqlarından gedir. Köhnə dostlar yenisi ilə əvəzlənir, yaxud düşmənlər dostlaşır, bir sözlə nələrin baş verdiyini proqnozlaşdırmaq bir az çətinləşib. Postsovet məkanında əvvəllər adət etdiyimiz “mərkəz”dən qaçmaq artıq geridönməz xarakter alıb. Bəs bunun günahı kimdə və nədədir? Müasir yanaşma belədir ki, özünə nə qədər dost, arxa qazansan bir o qədər özününün təhlükəsizliyini təmin etmiş olarsan. 70 il sovetlər dönəmində və ondan da əvvəl çar Rusiyası dövründə vahid ölkənin vətəndaşları olmuşuq, iki dünya müharibəsini yola vermişik, bir-birimizi sınamışıq, yaxşı və pis günlərimizdə bir yerdə olmuşuq. Belə olan halda parçalanmada günah daha çox kimin ayağına yazılmalıdır, müstəqil ölkə həvəsinə düşənlərin, yoxsa 15 respublikanı zorla bir çətir altına toplayan çar və proletariat Rusiyasının? Bəli, insanlarda olduğu kimi, dövlətlərdə də o vaxt ayrılmaq istəyi yaranır ki, əzilmək, hüquqlarının tapdalanmasına yol vermək, milli və dini ayrıseçkiliklə üzləşmək istəmir, birlik saxta, yalnız bir tərəfin maraqları üzərində qurulur. SSRİ-də olduğu kimi.

Burada mərkəzçi əlbəttə, Rusiya idi. Həm çarlıq, həm də proletariat diktaturası dönəmində məqsəd eyni idi, nə olur-olsun Moskvanı yaşatmaq. 14 respublika Rusiyanın zirehi rolunda çıxış edirdi. Sovetlərin düşməni müttəfiq respublikalarla, sosialist düşərgəsindən olan dövlətlərlə həmsərhəd ola bilərdi, amma Rusiya ilə yox. Bu, Moskvanın siyasətinə uyğun gəlmirdi. İndi bildinizmi Rusiya NATO-nun genişlənməsinin, sərhədlərinə yaxınlaşmasının niyə əlehinədir? Sadəcə, Rusiya NATO-dan nəinki qorxur, həm də çox qorxur.

14 respublikadan 3-ü – Baltikyanı ölkələr çox sürətlə həm Avropa İttifaqına, həm də NATO-ya üzv qəbul edildilər. Moldova və Ukrayna sakitliklə bu məsələni həll etməyə çalışdılar, amma Gürcüstan daha tez Avropaya inteqrasiya etmək, Alyansa üzv olmaq istədi. Amma Rusiya Cənubi Osetiya üzərindən Tbilisinin “dərsini” verdi. Moldova loyal siyasətini davam etdirsə də Ukrayna siyasətində Moskvaya “kafa tutmaq” siyasətini nəhayət büruzə verdi və...

Orta Asiya respublikalarında da ara-sıra Rusiyanın təsir dairəsindən çıxaraq sərbəst siyasət yürütmək cəhdləri də bu regionda uzun illər əvvəldən öz yerini kifayət qədər möhkəmləndirmiş KQB-nin (müasir FTX) əli ilə fiaskoya uğradıldı. Başı Ukraynada müharibəyə qarışmış Rusiyanın diqqətindən yayınan bəzi Orta Asiya respublikaları Moskvanın təsir dairəsindən qurtulmağa can atırlar. Hər dəfəsində də kənar qüvvələrin görünməyən, lakin hiss edilən əli hadisələri idarə edir, xoşagəlməz, planlaşdırılmayan proseslərin yaşanmasına rəvac verir.

Bu gün Mərkəzi Asiya Rusiya, Çin, Türkiyə və ABŞ arasında qarşıdurma meydanına çevrilib. Moskva postsovet məkanındakı siyasətinə yenidən baxmaq və Pekinlə fəal qarşılıqlı əlaqədə olmaq niyyətini gizlətmir. Bu, Rusiyaya Mərkəzi Asiyada Qərb ekspansiyasını məhdudlaşdırmağa və öz təhlükəsizliyini təmin etməyə kömək edə bilər.

Mərkəzi Asiya getdikcə daha çox, orada obyektiv maraqları olan qonşusu Çin və “soyuq müharibə”də qalib gəldikdən sonra regionda nüfuzunu gücləndirmək istəyən ABŞ arasında hər gün daha çox qarşıdurma meydanına çevrilir. Rusiyanın məsuliyyət zonasında olan respublikalar SSRİ-nin dağılmasını yalnız Moskvadan müstəqillik kimi şərh edirdilər. Bu da öz növbəsində onları digər güc mərkəzlərinə - Pekinə, Vaşinqtona və Ankaraya arxalanmağa məcbur edirdi. Buna baxmayaraq, onlar 2022-ci ilin yanvarında Qazaxıstanda və 1990-cı illərin əvvəllərində Tacikistanda olduğu kimi ekstremal hallarda kömək üçün yenə də Rusiyaya müraciət etməli oldular.

Bəzi analitiklərin fikrincə, Kremlin Sovet İttifaqının tərkibində olan ölkələrə qeyri-ciddi münasibəti, keçmiş sovet respublikaları rəhbərliyinin strateji uzaqgörənliyi Mərkəzi Asiya ölkələrində qlobal oyunçular arasında qarşıdurma meydanına çevrilməsinə, formal bərabərlik prinsipinin üstünlüyü Rusiyanın postsovet məkanında təsirini əhəmiyyətli dərəcədə itirməsinə səbəb olub.

Keçmiş sovet respublikaları rəsmi dostluq və Rusiyanın himayəsi altında yaradılan inteqrasiya birliklərində - Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak müqabilində Moskvaya onlara siyasi və iqtisadi üstünlüklər verməyə öyrəşiblər. Reallıqda onlar postsovet məkanında istənilən inteqrasiya platformasından regional və yaxud beynəlxalq tənliklərdən asılı olaraq dəyişən milli maraqlarını inkişaf etdirmək üçün istifadə edirlər.

Bunun bariz nümunəsi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Moskvaya səfəri zamanı davranışıdır. O, Rusiyaya qarşı sanksiyalara əməl edəcəyinə söz verib ki, bu da artıq rəsmi olaraq Qazaxıstanı Rusiyaya dost olmayan dövlət vəziyyətinə salır. Rəsmilərin fikrincə, Qərbin Rusiyaya qarşı hibrid müharibəsini, sanksiyaları dəstəkləyən istənilən ölkə Moskva üçün qeyri-dost adlandırılır. Lakin Rusiya rəsmiləri tərəfindən Qazaxıstanı açıq şəkildə dost olmayan dövlət kimi tanıması məsələni bir az da qəlizləşdirir. Hətta açıq şəkildə Kiyevyönlü mövqe tutan NATO üzvü olan Türkiyə də Rusiyaya qarşı sanksiyalara dəstək verməyib.
Qazaxıstan prezidenti Almatıdakı etirazları yatırmaq üçün Rusiya və KTMT-dən kömək istəməsindən sonra ritorikasını dəyişib. Cəmi bir neçə ay əvvəl NATO-nun analoqu sayılan KTMT-nin “fəaliyyəti” sayəsində ölkədə sakitlik bərqərar oldu. Bunun ardınca KTMT missiyasının uğuru və sülhməramlı qüvvələrin Qazaxıstandan çıxarılması barədə sürətli məlumat verildi.

Qazaxıstanda Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı müxtəlif fikirlər var. Səbəblər ondan ibarətdir ki, BMT Nizamnaməsinin iki prinsipi - bütövlük və öz müqəddəratını təyinetmə prinsipləri bir-biri ilə ziddiyyət təşkil edir, buna görə də ərazi məsələlərinin fərqli başa düşülməsidir. Bəziləri ərazi bütövlüyünün müqəddəs olduğunu, bəziləri isə konkret ölkənin tərkibində olan istənilən xalqın öz dövlətini yaratmaq hüququna malik olduğunu iddia edir. Hesablanıb ki, xalqların öz müqəddəratını təyin etmək hüququ bütün dünyada reallaşarsa, indi BMT-yə üzv olan 193 ölkə əvəzinə 600-dən çox ölkə olacaq. Təbii ki, bu, xaosa gətirib çıxaracaq. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında müzakirələr zamanı deyib. "Bu səbəbdən biz nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Və görünür, bu prinsip Luqansk və Donetsk kimi kvazi-dövlət ərazilərinə də şamil olunacaq”, deyə Tokayev əlavə edib.

Rusiya rəsmiləri vaxtaşırı keçmiş sovet respublikalarının ərazilərinin Rusiya Federasiyasına qaytarılmasını tələb edir ki, bu da Qazaxıstan və digər dövlətlərin narahatlığına səbəb olur. Etnik ruslar bəzi ölkələrdə azlıq təşkil edir (əhalinin 22%-i) və həmin ölkələrin rəhbərliyi Krım, Ukraynanın şərqi və Cənubi Osetiya ssenarilərinin təkrarlanmasından narahatdırlar.

Qərblə müharibə aparan Rusiyada belə başa düşürlər ki, Moskva siyasi, iqtisadi və hərbi inteqrasiya strukturlarına və onların postsovet məkanında fəaliyyətinə yenidən baxmalı, həmçinin Pekinlə fəal qarşılıqlı fəaliyyət göstərməlidir. Bu, ona Qərbin Mərkəzi Asiyada ekspansiyasını məhdudlaşdırmağa, Əfqanıstandan gələn təhlükələrin qarşısını almağa və təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Amma Rusiyanı idarə edənlərdə zorla ittifaqın mümkünsüzlüyünü qavramaq problemləri var. Keçmiş, yaxud gələcək dostlarla yalnız səmimi münasibətlər ittifaqın, birliyin yaranmasında böyük rol oynaya bilər. Əks münasibət əks effekt verə bilər və verir də...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə