Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mühüm platforma rolunu oynayacaq

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi mühüm platforma rolunu oynayacaq

Ötən günlərdə paytaxt Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransı öz işinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi konfransda dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətləri, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak ediblər. Məlumat üçün qeyd edək ki, konfrans 3 gün davam etmiş və öz işini yekunlaşdırdıqdan sonra nümayəndə heyətlərinin üzvləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər etmiş, şəhərlə və burada görülən işlərlə tanışlıq həyata keçirmişdir.

Ölkə başçımız konfransda geniş nitqlə çıxış edərək vacib fikirlər səsləndirmişdir. Cənab İlham Əliyevin nitqinə nəzər salsaq burada həm Qoşulmama Hərəkatına sədrlik dövründə Azərbaycanın gördüyü işlər, irəli sürdüyü təşəbbüslər, həm Hərəkata üzv dövlətlərin 44 günlük şanlı müharibə dövründə Azərbaycanın haqq işinə verdiyi misilsiz dəstək, həm də təsisatın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə təşkilata çevrilməsinə yönəlmiş başlıqlara şahidlik edə bilərik. Çıxışının ilk hissəsində Azərbaycan Prezidenti bu tədbirin Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir olduğunu, həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığını ifadə etdi.

Cənab İlham Əliyev təsisat çərçivəsində parlament diplomatiyasına və parlamentlərarası münasibətlərin inkişafına xüsusi diqqət göstərir. Şübhəsiz ki, bunun səbəblərindən biri ölkə başçımızın bu sahə ilə birbaşa yaxınlığı, daha dəqiq Azərbaycan parlamentinin səkkiz il ərzində (1995-2003-cü illər) sabiq üzvü olması ilə əlaqədardır. Ancaq Azərbaycanın QH-yə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər sadəcə parlament şəbəkəsinin yaradılması ilə yekunlaşmır. Eyni zamanda, QH Gənclər Şəbəkəsinin və QH Dəstək Ofisinin yaradılması da dəstəklənən və qəbul olunan vacib təşəbbüslərdəndir.

Azərbaycanın təsisata sədrliyi bütün dünyanı sözü əsl mənasında lərzəyə gətirən və bir müddət üçün diz çökdürən COVİD-19 pandemiyası ilə bir vaxta təsadüf etdi. Öz fəaliyyət dövrü üçün pafoslu bir iş planı hazırlayan Azərbaycan üçün bu gözlənilməz olsa da, ölkəmiz yenə də sədrlik dövrünü ən məhsuldar şəkildə idarə etməyi bacardı. Yeni situasiyaya uyğunlaşma olduqca operativ və çevik şəkildə aparıldı. Bunun nəticəsidir ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi dünyada pandemiya ilə mübarizədə fəal rol oynadı. Bir tərəfdən Ümumdünya Səhiyyə Təşkilatına ayrılan külli miqdarda ianə, bir tərəfdən 80-dən çox ölkəyə göstərilən humanitar yardım, digər bir tərəfdən də “peyvənd millətçiliyi” nə qarşı verilən əsaslı mübarizə Azərbaycanın öz humanitar missiyasının öhdəsindən uğurla və ləyaqətlə gəldiyinin sübutudur. Onu da qeyd etmək mütləqdir ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası da pandemiya dövründə ehtiyacı olan ölkələrin müəyyən olunması və onlara humanitar dəstəklərin göstərilməsində fövqaladə rol oynadı. Bu baza həm də, Ümumdünya Səhiyyə Təşkilatı üçün istinad nöqtəsi oldu. Şübhə yoxdur ki, üzv dövlətlərlə yaradılan bu məlumat bazası pandemiya ilə və gələcəkdə baş qaldıra biləcək istənilən digər xəstəliklə mübarizədə faydalı rol oynayacaqdır.

Azərbaycanın QH-yə sədrlik dövrü həm də 44 günlük şanlı haqq mübarizəsi ilə eyni dövrə təsadüf edirdi. Həmin dövrdə təsisat üzvlərinin ölkəmizə münasibəti əsl qardaş dəstəyi rolunu oynamışdı. Xatırlatmaq istərdim ki, müharibənin davam etdiyi dövrdə bir neçə ölkənin, daha dəqiq Azərbaycan-Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həllinə cavabdeh olan Minsk qrupu ölkələrinin təklifi ilə BMT Təhlükəsizlik Şurasının iclası çağırılmış və iclasda yeni sənəd qəbul edilərək, 1993-cü ildə BMT TŞ tərəfindən qəbul edilən və Azərbaycanın haqq mübarizəsinin hüquqi bazası rolunu oynayan Qətnamələrin kölgədə qoyulması məqsədi güdülmüşdür. Ancaq Qoşulmama Hərəkatına üzv olan 7 ölkənin, o cümlədən, İndoneziya, Niger, Vyetnam, Sent Vinsent və Qrenadin, Tunis, Cənubi Afrika, Dominikan Respublikasının dəstəyi ilə bu bəyanatın qəbul olunmasına icazə verilməmiş və bəyanat bloklanmışdır. Bəlkə də tarixdə bənzərinə çox az rast gəlinən bu hadisə “dünya 5-dən böyükdür” yanaşmasının ən bariz nümunəsi idi. Bununla bağlı ölkə başçımızın 26.10.2020-ci il tarixli xalqa müraciətindən bir hissəni təqdim edirik: “Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq”. Bu hadisəni 30 iyun 2022-ci il tarixli tədbirdə xatırladan Azərbaycan Prezidenti QH-nın üzv dövlətlərinə bu həmrəyliyə görə minnətdarlığını ifadə etdi. Məsələyə fərqli bir kontekstdən yanaşsaq burada toxunulmalı nüanslardan biri də ATƏT-in Minsk qrupunun üzvlərinin öz missiyalarına sözün əsl mənasında xəyanat etməsi və münaqişənin həlli yerinə status-kvonu dəstəkləməsidir. 28 İllik işğal dövründə faktiki olaraq heç bir nəticə əldə etməyən, hətta işğalçını öz adı ilə çəkinməkdən belə aciz olan bu qurum müharibə dövründə də haqlının yanında dayanmağı bacarmadı. Bu gün, yəni artıq məsələnin öz həllini tapdığı, Azərbaycanın öz gücünə, öz qəhrəman övladlarının canı-qanı bahasına torpaqlarını işğaldan azad etdiyi bir vaxtda təbii olaraq bu qurum heç kəs üçün lazımlı deyil. Bu qurumu yenidən “diriltmək” cəhdi isə səmərəsiz, hətta sülh üçün təhlükəlidir.

Ölkə başçımızın QH Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışından son olaraq toxunmaq istədiyim məsələ, ölkə başçımızın QH-nin institusional inkişafı və müəyyən mərhələdə onun təşkilata çevrilməsi ilə bağlı fikirləridir. Hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac var. Sülh, təhlükəsizlik və dayanıqlı inkişafın qorunub saxlanılmasında Qoşulmama Hərəkatının təməl ideallarının və rolunun əhəmiyyəti nəzərə alınarsa bu addımın vacibliyi və aktuallığı daha aydın başa düşülür. Ümidvarıq ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı öz fəaliyyəti vasitəsilə qlobal miqyasda parlamentlərarası əməkdaşlığa öz töhfəsini verəcəkdir. Qeyd edək ki, konfransın sonunda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edildi, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olundu, qurumun sədri və sədr müavinləri seçildi.

Samir Hüseynov

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə