"VI sammitin keçirilməsi bir sıra mühüm hadisələrlə yadda qaldı" - DEPUTAT ŞƏRH ETDİ
“Qardaş Türkmənistanın paytaxtı Aşqabad şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının VI sammitin keçirilməsi bir sıra mühüm hadisələrlə yadda qaldı. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda yaranmış yeni reallıqlar Xəzəryanı dövlətlərin də bu reallıqlara adaptasiyasını zəruri edir ki, bu da regionda yeni iqtisadi-ticari əlaqələrin canlanmasını vəd edir. Bu çox mühüm bir hadisədir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət babaoğlu bildirib.
Onun sözlərinə görə, Xəzəryanı ölkələr minilliklərdən bəri regionda qarşılıqlı iqtisadi, siyasi, mədəni, etnik mübadilə prosesindən keçərək vahid bir məkana çevrilməyi bacarıb: “Hazırda isə həm 5 ölkənin ikitərəfli qarşılıqlı münasibətləri kontekstində, həm də hər birinin ümumi mənafeyi kontekstində birgə hərəkət etmələri zərurəti var. Çünki bu Azərbaycanın yaratdığı yeni reallıqlarla yanaşı həm də dünyada baş verən dərin qlobal strateji proseslərlə əlaqədardır. Ona görə də sammitlə bağlı, onun ekoloji problemləri ilə bağlı Xəzəryanı ölkələrin Xəzər hövzəsində birgə əməkdaşlığının daha da dərinləşməsi ilə bağlı Azərbaycan Prezidenti öz nitqində mühüm mesajlar verdi və bu bütün ölkə liderləri tərəfindən diqqətlə qarşılandı. Çünki Xəzərdə ən böyük qonşumuz olan Rusiya Federasiyasının Avropa ilə münasibətlərin, həmçinin Rusiyaya tətbiq edilən sanksiyaları nəzərə alsaq görərik ki, bu kontekstdə hər iki ölkənin Azərbaycan üzərindən Avropaya və dünyaya çıxışı məsələsi aktuallaşır.
Biz bilirik ki, 5 ölkənin təqribən 270 milyona yaxın əhali potensialı var. Bu da təqribən 270 milyonluq bir bazar deməkdir. Azərbaycanın yaratdığı logistika imkanları, Ələt limanı məhz bu iqtisadi-ticari mübadilənin, eyni zamanda turist mübadiləsinin reallaşdırılması üçün gözəl imkanlar təqdim edir. Görüşün qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq ruhunda keçməsi onu göstərir ki, bu potensialın realizə olunması üçün mühüm perspektivlər yaranıbdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB