Sülhdən yayınan revanşistlər bilməlidir ki, “Dəmir Yumruq” yerindədir ŞƏRH

Qədim Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir. Ölkəmiz sülh danışıqları üçün irəli sürdüyü 5 əsas prinsip Ermənistan tərəfindən qəbul edilib. Lakin separatçı və revanşist qüvvələr sülhdən yayınmaq üçün müxtəlif bəhanələr gətirir və vasitələr axtarır. Onlar birmənalı şəkildə bilməlidir ki, sülhə gəlməsələr “Dəmir Yumruq”la yenidən qarşılaşacaqlar.

Prezidenti İlham Əliyevin Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında çıxışı zamanı məcburi köçkünlərimizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini və doğma yurdlarından məhrum edildiyini diqqətə çatdırması, 44 günlük müharibədə möhtəşəm Zəfərin əldə olunmasından dərhal sonra onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşan “ağıllı kənd”in dünyanın ən müasir kəndlərindən biri olduğunu qeyd etməsi deməyə əsas verir ki, mətin və sülhsevər xalqımız ədalətsizliklə heç vaxt barışmayıb, hər bir çətinliyə sinə gərməyi bacarıb və mənafeyinə toxunanların layiqli cavabını verməklə Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu öz mübarizliyi və əzmkarlığı ilə sübut edib.

Bütün dünya xalqları bilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edərək şəhər və kəndləri qəsdən dağıdıb, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri xarabalığa çevirib. Erməni vəhşiliyi nəticəsində 9 şəhər və yüzlərlə kəndlərimiz yer üzündən silinib. Hansı ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməmişdir. Danılmaz faktdır ki, Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq ekspertlər azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmi öz gözləri ilə görərək şahidi olmuşlar.

Bu gün işğaldan azad edilən ərazilərin yenidən qurulması, həmin torpaqlarda ən müasir infrastrukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Həmin ərazilərdə müasir şəhər planlaşdırılması işləri görülür, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyaları tətbiq edilir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulmuşdur. Bu çərçivədə icra olunan layihələr isə həmin yerlərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Cənab Prezident İlham Əliyev vurğulayıb ki, “Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda biz on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa edirik. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlar və sahibkarlar üçün açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”. Yenidənqurma prosesində hədəfin keyfiyyət və sürətin birləşdirilməsi, bu prosesdə ətraf mühitin qorunmasının prioritetlər sırasında olacağı əsas vəzifə olaraq qarşıya qoyulmuşdur. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir.

Bütün sahələrlə bərabər mədəniyyət sahəsində də əsaslı islahatlar, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılır. Şəhərlərimiz görkəmini dəyişir, gündən-günə gözəlləşir. Bu gün paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakı ətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışı zamanı qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Ən əsası, yaradılan şərait işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək. Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında infrastruktur layihələrinin uğurla icrası planlı və surətli şəkildə davam etdirilməkdədir. Yeni yollar, körpülər, hava limanları, komando hərbi hissələri və digər infrastruktur layihələri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar yaratmışdır.Bütün bu imkan və uğurların təməlində Prezident cənab İlham Əliyevin düzgün qurulmuş sosial-iqtisadi siyasəti və qətiyyətli mövqeyi dayanır.

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...