Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.

Prezident İlham Əliyevin iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı səsləndirdiyi bu fikirlər, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda aparılan quruculuq işlərinin və Zəngəzur dəhlizinin bərpasının nə qədər əhəmiyyətli olmasının bir daha sübut etmiş oldu.

Azərbaycanın Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Zəngəzur dəhlizinin açılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatların maddələrində öz əksini tapmışdır. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir. Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunub. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın, Rusiyanın və Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Əslinə baxanda, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki, bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın yürütdüyü düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik. Düzdür, bu layihələrimizi həyata keçirərkən Ermənistanı kənarda saxlamağımızla əlaqədar çoxlu təzyiqlərlə üzləşmişik. Amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqil siyasət yürütməyimizə və öz istəyimizə uyğun bütün layihələrin icrasına imkan verib.

Zəngəzur dəhlizi Ermənistanın 30 il əvvəl Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində torpaqlarımızın işğal edilməsi ilə bağlanmışdı. Bu dəhlizin bağlanması Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı quru yolla respublikamızdan ayrı salıb. Necə ki, Laçını dəhliz adlandırırlar, Zəngəzur da dəhliz olacaqdır. Həmin dəhliz vasitəsilə azərbaycanlılar öz ata-baba yurdlarında sərbəst, təhlükəsiz hərəkət edə bilməlidirlər . Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.

Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri ilə bağlı yeni şərait yaradır. Prezident İlham Əliyevin bu siyasi gedişi gələcəyə hesablanmış nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun fəaliyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürücü imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, böyük siyasi dividendlər gətirəcək.

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.

Pərvanə Salayeva

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialının müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...