Prezident bir daha Qarabağ həqiqətlərini dünyaya çatdırdı - DEPUTATIN ŞƏRHİ
“Azərbaycan Prezidenti cənab İlham Əliyev Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda iştirak edib. Öncədən qeyd edim ki, bu tədbir Azərbaycanın, xüsusən də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ən önəmli platformalardan biridir. Bu barədə Cənab Prezident də öz çıxışında əhatəli olaraq danışdı və dünyanın diqqətini bir daha bölgədə baş verən hadisələrə yönəltdi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat Prezidentin çıxışını iki hissəyə ayıraraq hər biri barədə öz fikirlərini çatdırıb: “İlham Əliyevin çıxışın bir hissəsi işğaldan azad olunmuş ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən vandalism aktına, Azərbaycanın milli və mədəni abidələrinin, o cümlədən şəhər və kəndlərimizin dağıdılmasına, digər hissəsi isə həmin ərazilərdə postmüharibə dövründə aparılan quruculuq işlərinin, infrastruktur layihələrinin həyata keçirilməsinə həsr etdi. Hər iki mövzu barəsində dövlətimizin başçısı qısa və ətraflı şəkildə videoformat iştirakçılarına məlumat verdi. Prezident qeyd edib ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə etmişik: “Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi ilə nəticələnən 2020-ci il Vətən müharibəsindən sonra bizim üçün dayanıqlı şəhər inkişafı daha böyük dəyər kəsb edir. Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıdaraq, hər bir mədəni və dini abidəni talan edərək həmin əraziləri urbisid və kultursidin bariz nümunəsinə çevirib. Bəlkə də İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib. Ağdam şəhəri o dərəcədə dağıdılıb ki, əcnəbi mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırıblar. Füzuli şəhəri işğaldan azad edildikdən sonra Azərbaycan Ordusu orada bayrağımızı dalğalandırmağa bir dənə də olsun tikili tapa bilməyib”. Ölkə rəhbəri bildirib ki, hazırda Azərbaycan müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Yenidənqurma prosesi minalardan təmizlənmə ilə başlayır. Kütləvi minalanma qarşımızda duran ən böyük çətinlikdir və bu, yenidənqurma işlərini, məcburi köçkünlərin qayıdışını ləngidir. İlkin hesablamalara görə, işğal dövründə Ermənistan həmin ərazilərə bir milyondan artıq mina basdırıb. 2020-ci ilin noyabr ayında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlaması nəticəsində 220-dən artıq Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhər planlaşdırılması həyata keçirir, “yaşıl enerji” və “sıfır tullantı” konsepsiyalarını tətbiq edir”.
A.Hüseynov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin qayıdışı üçün ilk pilot layihənin Zəngilan rayonunun Ağalı kəndində reallaşdırıldığdan danışıb: “Dövlət başçısı qısa müddət ərzində inşa edilən “ağıllı kənd” layihəsinin bir üstünlüyünün dünya standartlarına uyğun gəldiyini deməklə bərabər Ermənistan dövlətinin işğalı nəticəsində 30 il bu ərazilərin ekoloji, milli, mədəni terror məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bununla da Azərbaycanın qurucu, Ermənistanın isə dağıdıcı, işğalçı dövlət olduğu sübuta yetir. İşğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanının inşa edilməsi Azərbaycanın prinsipial mövqeyini, qurub-yaratmaq istəyini ortaya qoyur. İşğaldan azad edilmiş bütün rayonların baş planı demək olar ki, hazırdır. Artıq işləmək, qurmaq, yaratmaq üçün bütün imkanlar var. Prezidentin də dediyi kimi, yenidənqurma prosesində bizim hədəfimiz keyfiyyət və sürəti birləşdirməkdir. Bu prosesdə ətraf mühitin qorunması prioritetlərimiz sırasında olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB