2022-ci il Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyi tamam olur

Vüsal Hüseynov

YAP Xocavənd rayon təşkilatının Sədri

2022- ci ildə Azərbaycanın BMT-yə üzv olmasından 30 il keçir. Azərbaycanın BMT orqanlarında aktiv iştirakı 2011-ci il oktyabrın 24-də öz bəhrəsini verdi. Həmin tarixdə Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Prezident İlham Əliyev bu münasibətlə bəyan etmişdi: "Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir".

Azərbaycan iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyət göstərib. TŞ-yə sədrlik etdiyi müddətdə isə Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün böyük zəhmət sərf edib. Bütövlükdə Azərbaycan TŞ-də keçirilən müzakirələrdə həmişə öz qətiyyətli mövqeyini ortaya qoyub.

Ən əsası odur ki, Azərbaycan TŞ-yə sədrliyi dövründə beynəlxalq terrora qarşı mübarizədən tutmuş, Afrika ölkələrinin hüquqlarının qorunmasına qədər geniş spektrli məsələlərin müzakirəsini gündəmə çıxarıb. Bununla da rəsmi Bakı sübut edib ki, BMT-nin sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edir.

BMT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi qətiyyət ortaya qoymayıb. Təhlükəsizlik Şurası Ermənistanla bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsində kifayət qədər prinsipial mövqe tutmayıb. Nəticədə Azərbaycan Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 2020- cil il Sentyabrın 27-dən başlayaraq 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. 44 günlük Vətən müharibəsində ərazilərimizin işğaldan azad olunması uğrunda apardığımız mübarizə bütün beynəlxalq qanunlara görə ədalətli idi. Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin nəticələri vəziyyəti kökündən dəyişməklə yanaşı, dünya erməniliyinə, erməni təəssübkeşliyinə böyük zərbə oldu. Prezident İlham Əliyev bu qələbənin müəllifi kimi torpaqlarımızı işğaldan məhz güc yolu ilə azad edərək Ermənistanın müdafiəsinə qalxmış dövlətlərə və siyasi mərkəzlərə öz yerlərini göstərdi.

Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in qərarlarını yerinə yetirməklə 30 ilə yaxın idi ki, təhdid mənbəyi olan münaqişəyə son qoydu.

Bütün xəbərlər Facebook səhifəmizdə