Ali Baş Komandan Silahlı Qüvvələrimizin 104-cü ildönümünü Kəlbəcərdə qeyd etdi
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev 26 iyun 2022-ci il tarixdə Göygölə və işğaldan azad olunmuş Kəlbəcər və Laçın rayonlarına səfər edib. Səfərin Azərbaycan Respublikasının Silahlı Qüvvələri günündə gerçəkləşməsi və ölkə başçımızın səfər çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirakı yəqin ki, təsadüf hesab oluna bilməz. Bu qalib ölkənin, qalib Ordunun revanşist xəyallarla yaşayan hərdəmxəyal opponentinə “güc” mesajı mahiyyəti daşıyan vacib bir addım idi. Azərbaycan-Ermənistan sərhədinin bir addımlığından verilən bu mesaj şübhəsiz ki, aidiyyəti şəxslərə və qurumlara çatmışdır. Qeyd edək ki, verilən mesajın təməlində ““Dəmir yumruq” yerindədir” ismarıcı dayanırdı. Güclü olanın haqlı olduğu, beynəlxalq hüququn öz dəyərini günü-gündən itirdiyi bugünkü dünyamızda gedərək artan hərbi güc əlbəttə ki hər bir ölkənin əsas ehtiyacıdır. Bu mənada Azərbaycan da müdafiə sahəsinə və hərbi gücünə xüsusi önəm və diqqət göstərir. Digər bir tərəfdən, sərhəd ərazilərimizdə komando hərbi hissələrinin açılışının olmasını potensial təhlükələrə qarşı gözdağı olaraq da qiymətləndirmək mümkündür. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması ilə Ermənistanla sərhəddə nəinki mövqelərimiz hərbi cəhətdən daha da möhkəmləndi, eyni zamanda mümkün təxribat cəhdlərinin anında, yerindəcə boğulması üçün əlavə imkanlar da açıldı.
Ölkə başçımızın mərasimdəki çıxışının detallarına keçmədən öncə Azərbaycan Prezidentinin bölgəyə səfərinin yekunlarına nəzər salmaq istərdim. Beləliklə, dövlət başçımız səfər çərçivəsində Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin və Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi ilə, Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə və “Həkəriçay” su anbarı layihəsi ilə, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olmuşdur. O cümlədən, Prezident İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olmuş, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun təməlini qoymuş, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olmuş, “İstisu” sanatoriyasının təməlqoyma mərasimində və “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışında iştirak etmişdir. Olduqca məhsuldar şəraitdə keçən səfərin ən yaddaqalan anları şübhəsiz ki, Müzəffər Ali Baş Komandanın şəxsi heyət qarşısındakı çıxışı, komando hərb hissəsinə döyüş bayrağının verilməsi haqqında təqdimatın oxunması, şəxsi heyətin Müzəffər Ali Baş Komandan qarşısında “Komando andı”nı qəbul etməsi və təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçməsi idi. Cənab Ilham Əliyev nitqi zamanı müharibəyəqədərki, müharibə və postmüharibə dövrünün bir sıra mühüm məsələlərinə toxunaraq, strateji əhəmiyyətli fikirlər səsləndirmişdir. Ölkə başçımız ilk olaraq Vətən müharibəsindən sonra Ordu quruculuğu prosesinin sürətlə getdiyini vurğuladı. 24 dekabr 2021-ci ildə ilk istifadəyə verilən komado hərbi hissəsindən 6 ay sonra Kəlbəcərdə ikinci belə bir hərbi hissənin istifadəyə verilməsi ölkə başçımızın fikirlərinin əyani təzahürüdür. Məlumat üçün qeyd edək ki, komando briqadaları istənilən hərbi vəzifəni icra etməyə qadir peşəkar elit hərbi qüvvədir. Şübhə yoxdur ki, komandolar ölkəmizin hərbi qüdrətinin artırılmasında əhəmiyyətli rol oynayacaqdır.
Müzəffər Ali Baş Komandanın çıxışında diqqət çəkən nüanslardan biri də şanlı Qələbənin əldə olunması istiqamətində hərbi güclə yanaşı siyasi, iqtisadi gücün də artırılmasının əhəmiyyətindən bəhs olunması, vətənpərvərlik amilinin, gənclərin milli ruh, ləyaqət, Vətənə sevgi ruhunda tərbiyəsinin vacibliyinin vurğulanması oldu. Bütün bu amillərin vəhdəti bugünkü şanlı Qələbəmizin, 30 illik işğalın 44 gündə bitirilməsinin əsas səbəbləridir. O da qeyd edilməlidir ki, müharibə bitdikdən sonra Azərbaycanın döyüş taktikası, V nəsil müharibə aparmaq bacarığı xarici ekspertlər tərəfindən xüsusi maraqla qarşılandı. Bu gün dünyanın bir çox nüfuzlu hərbi akademiyası bu döyüş taktikasına maraq göstərir və onu öz dərsliklərinə salmaq istəyir.
Cənab ilham Əliyev çıxışında Kəlbəcərin işğal altına düşməsinin ölkəmiz üçün nəticələrindən də bəhs etdi. 1993-cü ildə Kəlbəcərin işğal altına düşməsi Azərbaycan üçün böyük faciə idi. Çünki, Şuşa və Laçından sonra Kəlbəcərin işğal altına düşməsi Ermənistanın Qarabağla quru əlaqəsinin artmasına, böyük ərazidə coğrafi bağlantı yaranmasına və bir çox yollar vasitəsilə silahların, texnikanın, canlı qüvvənin daşınmasına şərait yaratdı. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də böyük üstünlüklər təmin etdi. Bütün bunların səbəbi isə AXC-Müsavat xəyanətkar cütlüyünün yarıtmaz, səriştəsiz fəaliyyəti idi. Bu qurum yalnız talançılıqla-soyğunçuluqla məşğul olmaqla, orduya və xalqa lazımi diqqəti göstərməməklə ölkəmiz üçün fəlakətlərlə nəticələnən hadisələrə səbəb oldu. Xoşbəxtlikdən, bu gün bu utanc mənzərəsi Azərbaycanın qəhrəman oğullarının igidliyi nəticəsində sona çatıb. Cəbhədə əldə olunan Zəfərin diplomatiya masasında davam etdirilməsi ilə Kəlbəcər bir güllə belə atılmadan işğaldan azad edilib. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104-cü ildönümünün azad Kəlbəcərdə qeyd olunması hər birimiz üçün böyük qürurdur. Digər bir tərəfdən azad edilmiş torpaqlarda sürətlə aparılan bərpa-quruculuq işləri də hər birimiz həm sevindirir, həm də qürurlandırır. Bölgənin strateji əhəmiyyətini də nəzərə alsaq, buradakı bərpa-quruculuq işlərinin təhlükəsizlik baxımından da böyük önəm kəsb etdiyini asanlıqla söyləmək olar. Həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Böyük Qayıdışın tərkib hissəsi olaraq Kəlbəcər əhalisinin də doğma vətənə köçürülməsi addım-addım yaxınlaşır.
Səkinə Rüstəmzadə
Pirallahı Tibb Mərkəzi PHŞ-nin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının fəalı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB