Ermənistanda özlərini axmaq yerinə qoyanlar - TƏHLİL

Ermənistanın xarici siyasət idarəsi həmin ölkənin vətəndaşlarını inandırmağa çalışır ki, guya Azərbaycan tərəfini məharətlə yola gətirir, hətta aldadır belə. Lakin görünən odur ki, ermənilər özləri özlərini aldadırlar və ancaq özlərini axmaq yerinə qoyurlar. Hər dəfə danışıqlar xatirinə danışıqlara gedən və bununla nəyə isə nail olacağına özü belə inanmayan Ermənistan tərəfinin ümidləri puç olub və həmin ölkə vətəndaşları bunu artıq yaxşı başa düşürlər.

İndi erməniləri getdikcə daha çox suallar məşğul edir. Ermənistan ictimaiyyəti elə bir müəmmalı vəziyyətə düşüb ki, sualları da həddindən artıq artıb və hələ də yeni-yeni suallar ortaya çıxmaqdadır. Artıq erməni cəmiyyəti danışıqlar naminə danışıqlara gedən Ermənistan hakimiyyətini başa düşməkdə çətinlik çəkir. Ermənilər özlərinin hansı durumda olduqlarını başa düşə belə bilmirlər, çünki bu ölkənin hakimiyyəti onların özlərini məharətlə aldadır və sona qədər də aldadacağını zənn edir. Bir sözlə, bu ölkə hakimiyyəti daxili auditoriyaya hesablanan bəyanatları ilə Ermənistan vətəndaşlarını hələ çox aldadacağına böyük ümidlər bəsləyir, lakin bərk yanılır.

Ermənistanın Xarici İşlər Nazirliyi bəyan edir ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində faktiki olaraq danışıqlar gedir. Bununla belə ictimaiyyətə hansı danışıqlar aparıldığını və danışıqların necə getdiyini bildirmir. “Müzakirələr aparılarsa, ictimaiyyətə lazımi qaydada məlumat veriləcək”, deyə bəyan edən Ermənistanın Xarici İşlər Nazirliyinin məlumat vermək niyyəti görünmür. Əksinə, danışıqlar barədə ən xırda məlumatlar belə gizlədilir, çünki axmaq vəziyyətdə qaldıqlarını erməni xalından gizlətmək məcburiyyətində qaldıqları bir reallıqdır. Bu reallığı gizlətmək üçün isə yeganə yol olaraq ictimaiyyəti aldatmaq nəzərdə tutulur. Deməli, axmaq yerinə özlərini qoyublar və bundan razıdırlar da. İndi bu vəziyyəti bir-bir anlayan ermənilər şoka düşürlərsə, bu heç də təəccüb doğura bilməz.

Artıq ermənilər bu ölkənin öz hakimiyyəti tərəfindən axmaq yerinə qoyulduqlarını özləri etiraf edirlər. Etiraf edirlər ki, Ermənistanın bu vaxta qədərki hakimiyyətləri onları illüziyalara inanmağa vadar edib. Ermənistanın silahlı qüvvələrinin dırnaqarası “yenilməzlik” mifi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, uzaqgörənliyi, müdrikliyi və siyasi iradəsi, eləcə də Azərbaycan Ordusunun rəşadəti, xalqımızın birliyi ilə cəmi 44 günə dağıdıldıqdan sonra ermənilər bir növ yuxudan ayıldılar desək, yəqin ki, yanılmarıq. Bu ölkənin indiki hakimiyyəti Qarabağın guya Ermənistan olduğuna vətəndaşlarını əmin etməyə çalışsa da, şəxsən baş nazir Nikol Paşinyan özü bu barədə desə də, bu fikirlərin puç olduğu tez bir zamanda ortaya çıxdı və artıq erməni cəmiyyəti ölkə hakimiyyəti tərəfindən aldadıldığına tam əmin oldu. Bütün bunların fonunda erməni cəmiyyəti danışıqlarla bağlı da yenə aldadılır, yenə axmaq yerinə qoyulur. İndi ermənilər Şuşanın bir-birinin ardınca beynəlxalq konfranslara, tədbirlərə ev sahibliyi etdiyini kənardan müşahidə edirlər və təkcə bu hal onların aldadıldıqlarının, axmaq yerinə qoyulduqlarının ən tutarlı təsdiqidir.

İşğaldan azad olunmuş ərazilərdə qızğın iş gedir, bərpa-quruculuq işləri aparılır. Həmin ərazilərdə hava limanları tikilir, yollar çəkilir, evlər, o cümlədən “ağıllı kəndlər” salınır. Bu ərazilərə gələn hər bir əcnəbi görür ki, kim nə deyir desin, ermənilərin hər şeyi dağıtdıqları ərazilərdə azərbaycanlılar tikir, qurur, yaradırlar. Bütün bunlar ermənilərin “barbarlığı” barədə deyilənləri təsdiqləyir və Ermənistan hakimiyyəti bu cəmiyyəti dünyaya necə sırımaq istəsə də reallığı bütün dünya ictimaiyyəti görür. Bütün bu reallıqların fonunda Ermənistan Xarici İşlər Nazirliyi danışıqlar barədə yenə də uydurmalar irəli sürmək üçün üzündə üz tapa bilirmi? Kimi aldatdıqlarının guya fərqində deyillərmi? Fərqindədirlər. Sadəcə olaraq, erməni xalqı bu dəfə də aldadılır, axmaq yerinə qoyulur, həqiqətlər, Azərbaycanın yaratdığı reallıqlar, bu reallıqlar qarşısında Ermənistanın acizliyi çalışılır ki, gizlədilsin.

Artıq Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatları həddindən ziyadə gülünc səslənir və indi də erməni xalqı öz ölkəsinin hakimiyyətini belə etdiyinə görə axmaq hesab edir. Bu ölkə ictimaiyyəti başa düşür ki, Ermənistan XİN belə bəyanatlarla həmin ölkənin zəifliyini ortaya qoyur. Anlaşılır ki, onlar öz qorxaqlıqlarını bu şəkildə ört-basdır etməyə çalışırlar. Nə danışıqlar aparan kimi danışıqlar aparırlar, nə də imtina edən kimi imtina edirlər. Bu vəziyyət elə qorxaqlığın və axmaqlığın ən parlaq nümunəsidir və bunu ermənilər özləri hamıdan yaxşı başa düşür və etiraf edirlər. Etiraf edirlər ki, ölkə hakimiyyəti öz acizliyini gizlətməyə cəhd edir və hansısa formada bu acizliklərinə don geyindirməyə çalışır.

Əlbəttə ki, Ermənistan hakimiyyətinin bu ölkənin müxalifətindən qorxduğu, çəkindiyi təkcə erməni cəmiyyətinə yox, elə hamıya bəllidir. Bəllidir ki, vətəndaşlara qızıl dağlar vəd edən Ermənistan müxalifətinin ittihamları qarşısında cavab verə bilməmələri sirr deyil. Məsələ burasındadır ki, acizliklərini birbaşa, rəsmən etiraf etdikləri təqdirdə hakimiyyət kürsüsü ilə vidalaşmalı olacaqlarını dərk edənlər müxtəlif yollara, ən başlıcası isə yalanlara, yenə də illüziyalara əl atırlar və bununla da erməni xalqını axmaq yerinə qoyurlar. Hakimiyyət kürsüsünü təhvil vermək qorxusu ilə özləri elə özlərini də aldadırlarsa, özlərinin daha axmaq olduğu bəlli olur.

Bir qədər əvvəl Qərbin yalançı demokratiya oyununa alət olan erməni xalqı artıq bunun acısını dadmaqdadır. Bu ölkədə nə demokratiya oldu nə də dolanışıq və bunu başa düşməyən çətin ki, bircə dənə erməni olsun. Bir neçə il bundan əvvəl hay-küy qopararaq meydanlara toplaşan, guya demokratiya axtarışında olan haylar indi quru çörək, dolanışıq axtarışında olduqlarını gizlədə bilmirlər. Hakimiyyət kürsüsü naminə marianetliyi qəbul edənlər də hansı durumda olduqlarının fərqindədirlər. Aciz durumdadırlar. Çarəsizliklərini ən yaxşı özləri başa düşürlər, amma atacaqları addıma görə bərk qorxurlar. Çünki əgər danışıqlara uyğun olmayan şəkildə hərəkət etsələr, bu zaman beynəlxalq hüquqa zidd hərəkət etmiş və bunun acı nəticələri ilə qarşılaşmalı olurlar, əgər uyğun şəkildə qatılmış olsalar bu zaman özlərini erməni müxalifəti qarşısında cavab verməli və hakimiyyətlə vidalaşmalı hesab edirlər. Bu vəziyyətdə qalan çarəsiz Ermənistan hakimiyyəti yeganə çıxış yolunu xalqı aldatmaqda, onları axmaq yerinə qoymaqda görür. Amma sual oluna bilər ki, bunu nə vaxta qədər davam etdirə bilərlər? Nə qədər erməni xalqını aldadacaq Ermənistan hakimiyyəti? Görəsən, 44 günlük Vətən müharibəsi dərs olmadımı? Müharibə zamanı yalandan, qələbə qazandıqları barədə erməni xalqını aldadanlar sonda bunun acısını həmin xalqa yaşatdıqlarından dərs götürmədilərmi ki, indi də yenə aldatmaqda davam edirlər? Nə qədər axmaq yerinə qoymaq olar xalqı və bu xalq da axmaq yerinə qoyulmaqdan bezmədimi? Erməni xalqı bir tərəfdən mövcud hakimiyyətin yalanlarından, vədlərindən, digər tərəfdən də ölkə müxalifətinin əsassız iddialarından əlbəttə ki, bezib və axmaq yerinə qoyulduğu üçün hər iki tərəfə görə boğaza yığılıb. Bu isə o deməkdir ki, illüziyalar üzərində manipulyasiya edənlər tez bir zamanda hədəfə çevriləcəklər, istər Ermənistanın hakimiyyəti olsun, istərsə də müxalifəti və bu zaman onlar idarəolunmaz kütlənin qəzəbindən qurtara bilməyəcəklər. Elə isə yalanları, vədləri, uydurma iddiaları, illüziyaları ilə xalqı axmaq yerinə qoyanlar sonda özləri axmaq vəziyyətə düşəcəklərinin fərqindədirlərmi? Fərqindədirlərmi ki, həm mənsub olduqları xalqı axmaq yerinə qoyurlar, həm də özlərini? Fərqində olsalar da, olmasalar da bu belədir və erməni cəmiyyətində kütləni axmaq yerinə qoyanlar özləri də axmaq durumdadırlar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə