Azərbaycan İƏT üçün çox önəmli ölkədir - ŞƏRH

Müstəqilliyini bərpa edən Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünə məruz qaldığı, informasiya-təbliğat imkanları zəif və məhdud olduğu zamanda ölkəmizin haqlı mövqeyi İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənib, təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb. Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən olduğundan müstəqil Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. Əlbəttə ki, müxtəlif sahələrdə iqtisadi, siyasi, sosial və s. qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın bu təşkilata üzv olması ilə beynəlxalq aləmdə respublikamızın qarşısında yeni imkanlar açılıb. Hazırda Azərbaycan təşkilatının fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində iştirak edir, təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

AZƏRBAYCAN İSLAM HƏMRƏYLİYİNİN GÜCLƏNDİRİLMƏSİNƏ TÖHFƏLƏRİNİ VERİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin iyunun 27-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən dövlət başçısı Azərbaycanın xarici siyasət prioritetlərində müsəlman ölkələri ilə əməkdaşlığın xüsusi yer tutduğunu qeyd edərək, bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla aparıldığını bildirib. Dövlətimizin başçısı ölkəmizin İƏT ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq, Azərbaycanın islam həmrəyliyinin gücləndirilməsi işində çox fəal çalışdığını qeyd edib. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi birliyin nümayişidir. Qədim şəhərimiz olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olundu. Daha sonra Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı seçildi. Bütün bu və ya digər amillər Azərbaycanın müsəlman dünyasında birlik və həmrəyliyinin nümayişidir. Cənab Prezidentin dəfələrlə bildirdiyi kimi, İslam sülh və qardaşlıq dinidir: "Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq".

İƏT AZƏRBAYCANIN HAQQ İŞİNİ, ƏRAZİ BÜTÖVLÜYÜNÜ HƏR ZAMAN DƏSTƏKLƏYİB

Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatı torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdi. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilmişdi. Bu məsələ hər zaman təşkilat tərəfindən istər qətnamələrdə, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində yer alıb. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalıb. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin 2020-ci il oktyabrın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş humanitar atəşkəs razılaşmasını pozması və bunun nəticəsində bir çox mülki şəxsin həlak olması və yaralanması ilə bağlı narahatlığını ifadə etmişdir. Təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilirdi: "İslam Əməkdaşlıq Təşkilatının qətnamə və qərarlarını, həmçinin BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrini xatırladaraq, iki ölkə arasında münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında siyasi yolla həllinə çağırır". Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edərkən həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Bildiyimiz kimi, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi İslam irsinin ayrılmaz hissəsi olan Qarabağda və ətraf rayonlardakı tarixi abidələrin vəziyyəti ilə əlaqədar dərin narahatlığını bildirmişdi. Bu haqda İƏT-in yaydığı bəyanatda, maddi və mənəvi dəyərlərin, xüsusən Qubadlı rayonunun azad edilmiş Məmər kəndindəki məscidin qəsdən dağıdılması və talan edilməsi, tarixin mənimsənilməsi və saxtalaşdırılması təcavüz siyasətinin bariz sübutu olduğu göstərilirdi. İşğal olunmuş ərazilərdə əsrlərboyu qalmış dini-mədəni irslərdən sui-istifadə beynəlxalq qanunların və konvensiyaların, o cümlədən "Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası"nın və 1954, 1999-cu il protokollarının açıq şəkildə pozulmasıdır. Xarici işlər nazirləri Şurasının 46-cı iclasında İƏT "İslamın müqəddəs yerlərinin qorunması haqqında" 3/46-S saylı Qərar qəbul edib. Qərarda erməni təcavüzkarları tərəfindən Azərbaycan Respublikasında İslama aid tarixi və mədəni irsin tamamilə məhv etmək məqsədi, barbar hərəkətləri pislənilmişdi. Dövlətimizin başçısı işğal illərində ermənilər tərəfindən tarixi və mədəni abidələrimizin, o cümlədən məscidlərimizin vəhşicəsinə darmadağın edildiyini bildirərək, bunu xalqımıza qarşı mədəni soyqırımı, bütün müsəlman ölkələrinə qarşı təhqir kimi dəyərləndirib. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Bu faktdır ki, Qarabağda yerləşən abidələr də ermənilər tərəfindən kütləvi surətdə dağıdılıb və erməniləşdirilib. Bu abidələrin üzərində olan yazılar memarların, alimlərin, xəttatların, nəqqaşların, sufi şeyxlərinin, Azərbaycan memarlıq məktəblərinin banilərinin adları ilə bağlı olduğundan tarixi faktlar mənbələrdə öz əksini tapıb. Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş Tağlar mağarası, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılıb.

BAKIDA QOŞULMAMA HƏRƏKATININ PARLAMENT ŞƏBƏKƏSİ TƏSİS EDİLƏCƏK

Azərbaycan Prezidenti işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrindən, o cümlədən dini abidələrimizin bərpası istiqamətində görülən işlərdən danışıb.

Prezident İlham Əliyev Azərbaycan Qoşulmama Hərəkatına üzv olan bir çox müsəlman ölkələri ilə də sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. Cənab İlham Əliyev bu günlərdə Bakıda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis ediləcəyini də məmnunluqla vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərindən məmnunluq hissi keçirdiyini qeyd edib. Hissein Brahim Taha Azərbaycanın İƏT üçün çox önəmli ölkə olduğunu bildirərək dövlətimizin başçısının lider kimi fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında həmrəyliyin önəmi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Əlbəttə ki, görülən işlər, bir daha deməyə əsas verir ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın mövqeyinin hər zaman olduğu kimi, bu gün də dəstəkləyir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə