Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır Prezident İlham Əliyev

Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq.

SİA xəbər verir ki, bunu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Ancaq biz bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı.

Vətənpərvərlik işinə çox böyük önəm verirdik. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bir çox tədbirlər görülmüşdür və buna nail olduq. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq. Ona görə vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı".

Bütün xəbərlər Facebook səhifəmizdə