Kəlbəcər rayonunun inkişafı ilə bağlı konsepsiya artıq hazırdır - Prezident

"Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər olmalıdır, Kəlbəcər də həmçinin".

SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində deyib.

"Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir. Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik", - Prezident vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə