Ordu quruculuğu Vətənə sevgi, dövlətə sədaqətdir

Xalqımız 104 il tarixi yol keçmiş Milli Ordusunun yarandığı günü qeyd etməyə hazırlaşır. Bəli son 30 ildə artıq ikinci dəfədir ki, Azərbaycan xalqı öz ordusunun yaşını, ad gününü qalib ölkənin vətəndaşları kimi qeyd edəcək. Azərbaycan Ordusunun necə yaranması ilə bağlı suala aydınlıq gətirmək istəsək sözsüz ki, ötən əsrin əvvəllərinə nəzər salmalıyıq.

Ölkənin ərazi bütövlüyününin və dövlət müstəqilliyinin qarantı rolunda, əlbəttə ordu çıxış edir. Ordunun yaradılması üçün də dövlət idarəçiliyində təcrübə, siyasi iradə əsas şərtlərdəndir. Müstəqil dövlətimizin güclü ordusu var və bu faktı bütün dünya qəbul edir, dostlarımız sevinir, düşmənlərimiz xar olur. XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyi əldə edib. 1918-ci ildə xalqımız rus imperializminin əsarətindən xilas olaraq Azərbaycan Xalq Cümhuriyyətini quranda ordumuz yox idi. Ona görə də Cümhuriyyətə rəhbərlik edənlərin dövlət quruculuğu istiqamətində ilk tədbirlərindən biri müstəqil dövlətin silahlı qüvvələrinin formalaşdırılması oldu. Vaxtın az olmasına baxmayaraq ordu quruculuğuna başlandı və qısa müddətdə bir sıra uğurlar əldə edildi. Qarabağda erməni quldur dəstələrinə qarşı uğurlu əməliyyatlar həyata keçirildi. Təəssüf ki, Xalq Cümhuriyyəti 23 ay yaşaya bildi…

Sovetlər Birliyi dövründə milli ordu barədə danışmaq, təbii ki, mümkün deyildi. Amma o dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması Ulu Öndərin gələcəyə hesablanmış uzaqgörən siyasəti idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması buna əyani sübutdur. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikaların hərbi məktəblərində təhsil alması, ixtisaslı hərbçi kadrlar kimi formalaşması əslində millətinin gələcəyini düşünən dahi siyasətçinin – Heydər Əliyevin məharətlə tərtib etdiyi planların bir hissəsi idi. Siyasət meydanının ustadı sayılan Ulu Öndər Azərbaycanın müstəqillik qazanacağına inanmasaydı milli kadrların yetişdirilməsinə bu qədər önəm verməzdi. Amma dahi siyasətçinin baş verəcəklərdən xəbəri vardı və ona görə də dövlətçiliyin ən mühüm atributlarından sayılan ordu quruculuğunu prioritet vəzifə kimi irəli sürür və bu sahəni diqqətdən bir an kənarda qoymurdu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyi adlandırması heç də təsadüfi deyildi: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız! Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz”.

44 günlük Vətən müharibəsinə qədərki son 17 ildə Prezident İlham Əliyev tərəfindən aparılan islahatlar ,ordunun təkmilləşməsi, modernləşməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində görülən işlər döyüş meydanında öz nəticəsini verdi. Ölkədə müdafiə sənayesinin yaradılması, ordunun müasir hərbi texnika və texnologiyalarla təchiz edilməsi Azərbaycan ordusunun pəşəkarlığını artıraraq dünyanın ən güclü 50 ordusu sırasında yer almasına imkan verdi. Azərbaycan Ordusu öz gücünü döyüş meydanında göstərərək ermənilərin 30 il ərzində qurduqları “topdağıtmaz müdafiə sədləri”ni və "məğlubedilməz" ordu mifini darmadağın etdi. Ali Baş Komandan İlham Əliyevin orduya rəhbərlik etmək bacarığı, qabaqcadan uğurlu döyüş taktikası hazırlayaraq düşmənin gözləmədiyi mövqələrdən hücüma keçməyimiz daha az itkilərlə qələbə çalmağımızı şərtləndirdi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordumuzun əsgər və zabitlərinə xitabən dediyi fikirlərə istinad edək: "Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Bəli, bu sözlər Azərbaycan Ordusuna, onun zabit və əsgərinin xidmətinə verilən ən böyük qiymətdir.

Aliyə Orucova

Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə