Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə bir töhfədir ŞƏRH

Möhtərəm Prezident İlham Əliyev pandemiyadan sonra ilk rəsmi səfərini Özbəkistana etməsi və dövlətimizin başçısının qardaş ölkədə böyük hörmət və ehtiramla qarşılanması iki ölkə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının təcəssümüdür. Səfərin tarixində diqqət çəkən məqamlardan biri də ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25 illiyinə təsadüf etməsidir.1997-ci il ulu öndər Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu və Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün başlanğıc oldu. Daşkənddə Özbəkistan-Azərbaycan biznes forum çərçivəsində müxtəlif sahələri əhatə edən 20- yə yaxın mühüm sənədlər imzalanıb. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Bu sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək, əməkdaşlıq üçün yeni imkanlar yaradacaqdır. Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır. Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir. Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.Azərbaycan Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Bir çox beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığı təcəssüm etdirən amillərdən biri də bizim haqlı davamızda Özbəkistanın həmişə yanımızda olmasıdır. Özbəkistan bitmiş Dağlıq Qarabağ probleminin hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istaqmətində həll olunması tərəfdarı olmuşdur. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss etmişdir. Səfər çərçivəsində mühüm hadisələrdən biri də Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın açılışı oldu. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində ulu öndər Heydər Əliyevin fəaliyyəti, onun sanballı şəxsiyyəti haqqında söylədiyi xoş sözlər Özbəkistan dövlətinin Azərbaycan xalqına və dövlətinə, həmçinin Ulu Öndərin xatirəsinə böyük hörmətinin göstəricisidir.Eyni zamanda Füzulidə Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq məktəbin inşa ediləcək olması xalqımız tərəfindən yüksək qiymətləndirilərək aramızda olan qardaşlığımızı daha da möhkəmləndirəcəkdir. Möhtərəm Prezident cənab İlham Əliyevin Özbəkistana səfəri, hər iki ölkə liderləri arasındakı səmimi münasibətlər və imzalanan mühüm sənədlər ölkələrimizin arasındakı əlaqələrin gələcək inkişafına mühüm təkan verəcəkdir.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə