"Rusiyanın səylərinin ən mühüm istiqaməti..."

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması münasibətlərin əsas prinsiplərinin möhkəmləndirilməsi, uzunmüddətli perspektivdə qarşılıqlı faydalı əməkdaşlığın əsaslarının qoyulması məqsədi daşıyır. Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi maraqları naminə bu çətin, lakin son dərəcə vacib prosesə hər cür kömək edəcək. SİA xəbər verir ki, bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin Sergey Lavrovun Azərbaycana işgüzar səfəri ilə bağlı yaydığı məlumatda yer alıb.

Məlumatda qeyd olunur ki, Rusiya tərəfi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlmiş vətəndaş cəmiyyəti və ekspert dairələri arasında dialoqu dəstəkləməyə davam edəcək.
Həmçinin bildirilir ki, Rusiyanın səylərinin ən mühüm istiqaməti Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasının təmin edilməsidir. Biz Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində dəmir yolu və avtomobil bağlantıları yaradacaq, iqtisadi əlaqələrin bərpasını stimullaşdıracaq konkret infrastruktur layihələri paketinin razılaşdırılması üzərində işləyirik.

Rusiyanın xarici siyasət prioritetlərindən biri də 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etməkdir.

Biz bunu Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi, Bakı ilə İrəvan arasında etimadın və tam hüquqlu əməkdaşlığın bərpası üçün əsas şərt kimi görürük.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...