Ulu Öndərin xalqa bəxş etdiyi firavan həyat dönməz və dəyişməzdir ŞƏRH

Mövcud reallıqlar və faktlar ondan ibarətdir ki, bugünkü güclü və qüdrətli Azərbaycanın dünyada özünəməxsus yer tutması, nufuzlu dövlət olaraq tanınması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı və əsasını qoyduğu siyasətlə bağlıdır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Azərbaycan 1991-ci ildə müstəqillik qazansa da, onu qoruyub, saxlamaqda çətinliklərlə üzləşmişdir. O dövrdə siyasi rəhbərliyin səriştəsizliyi, hakimiyyət uğrunda savaş xalqın sabaha olan inamını sarsıtmışdır. Bu ağır vəziyyətdən məkrli şəkildə istifadə edən erməni daşnak quldur dəstələri Azərbaycan ərazisinin 20%-nin işğal edib, 1 milyondan çox soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsinə gətirib çıxarmışdır. İqtisadi xaos, sosial tənəzzül ölkə də ağır, üzücü problemlər yaratmışdır. O dövrün məlumatlarına istinadən qeyd etmək olar ki, 1991-1993-cü illər ərzində ölkə iqtisadiyyatında ÜDM orta hesabla 16,5% azalmışdı. 1991-ci ildən etibarən inflyasiya səviyyəsi dəfələrlə artaraq, 1994-cü ildə 1764%-ə çatmış, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 13%-ə qədər olmuş, 1991-1993-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42% azalmışdır. 9 ölkənin razılığı ilə hakimiyyəti zəbt (Müsavatın indiki başqanı Arif Hacılının dedikləri) etmiş AXC-Müsavat cütlüyü ölkənin müstəqilliyini məhv olmaqdan, xalqı üzləşdiyi bəlalardan xilas etmək üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Hakimiyyət hərisləri xalqın tələbini yerinə yetirmək əvəzinə zora əl atır, insanları döyür, təhqir edir, həbsxanalara salırdılar. 1993-cü ilin iyun hadisələri ölkə daxili ağır durumun kulminasiya nöqtəsi oldu. Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz idi. Ancaq xalqın ziyalıları, elm adamları ağır problemləri həll etmək, vətəndaş müharibəsinin qarşısını almaq üçün çıxış yolunu Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsində gördülər. Bu məqsədlə xalqımızın milli maraqları ətrafında birləşən sağlam qüvvələri, YAP-ın qızıl fondu hesab edilən 91 ziyalı 1992-ci il oktyabrın 16-da "Səs” qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ziyalıların Dahi Öndərə ünvanladıqları müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Ümummilli Lider Heydər Əliyev 24 oktyabr 1992-ci ildə ziyalılara cavab məktubunda qeyd edir: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər” deyərək yaradılması nəzərdə tutulan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılığını verir. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin YAP-ın Sədr seçilməsi Azərbaycanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət idi. O ağır tarixi hadisələr barədə Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.

1993-cü il iyunun 15-də Ümummilli Liderimiz Heydər Əliyev xalqın yekdil çağırışı ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda sabitlik təmin edildi, vətəndaş qarşıdurması aradan qaldırıldı, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı 1991-1993-cü illərdə mövcud olmuş və Dahi Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində aradan qaldırılmış o dövrlə bağlı demişdir: “Ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir. 1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü”.
Ulu Öndərimiz Heydər Əliyevin böyük zəhməti, müdirk siyasəti sayəsində ölkəmizdə bir sıra uğurlu sosial, iqtisadi layihələr həyata keçirildi. 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkələrini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri” , “Çıraq” və "Günəşli" yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında müqavilənin imzalanması Azərbaycanın beynəlxalq aləmdə nufuzunun artmasına və bunun fonunda əhalinin sosial-iqtisadi durumunun yaxşılaşmasına təkan oldu. Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf etdikcə, ordu quruculuğu sahəsində də mütərəqqi addımlar atılır, geniş miqyaslı tədbirlər həyata keçirilirdi. Hələ sovetlər birliyi dönəmində Dahi Öndərin qətiyyəti sayəsində Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması hərbi sahənin inkişaf etdirilməsinə mühüm önəm verildiyinin göstəricisi idi. Dahi Öndərimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində orduda peşəkar hərbçilərin sayı artdı. 44 günlük Vətən Müharibəsində düşmən üzərində parlaq qələbə qazanan Şanlı Azərbaycan Ordusunun formalaşmasında Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunları böyük rol oynamışlar. Xalqın Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi 44 günlük Vətən savaşında Azərbaycanımıza Zəfər Salnaməsi yazdırdı. Prezident İlham Əliyev Ermənistan üzərində parlaq qələbədən sonra xalqa müraciətində də bildirmişdir ki, Azərbaycan bundan sonra da Heydər Əliyevin siyasətini davam etdirəcək: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!”.
Bir sözlə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyaları və əməlləri Onun ən layiqli siyasi varisi, qalib Sərkərdə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Hər ötən gün Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük qələbələrə imza atmaqdadır və təbii ki, bu, Azərbaycan dövləti və xalqı durduqca belə olacaq.

Fizuli Məlikov

Quba rayon N. Rzayev adına Əsparasti kənd tam orta məktəbin direktoru,

Yeni Azərbaycan Partiyasının fəalı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...