Zəngəzur dəhlizinin açılması regional sülhün fundamental elementlərindəndir - ŞƏRH
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə regionda geosiyasi, geoiqtisadi vəziyyəti əsaslı surətdə dəyişməklə yanaşı burada yeni əməkdaşlıq mühiti üçün də əlverişli şərait yaradıb. Müharibədə qalib gələn tərəf olaraq Azərbaycan əməkdaşlıq, sülh üçün təşəbbüs və təkliflər irəli sürüb, regional əməkdaşlıq istiqamətində əməli addımlar atmağa hazır olduğunu bəyan edib. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi regionda iqtisadi əlaqələrin genişlənməsi və inkişafı üçün əlverişli şəraitin yaranması deməkdir.
Bildiyimiz kimi, belə bir inkişafın vacib əsaslarından biri də Zəngəzur dəhlizinin açılmasıdır. Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi təkcə iki ölkə arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını əhatə etmir. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, ölkə də dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Çünki o, təkcə lokal deyil, eyni zamanda regional və qitələrarası səviyyədə çox əhəmiyyətlidir. Dəhlizin əhəmiyyəti haqqında danışsaq və nəzərə alsaq ki, yeni dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçir, zaman işğala və talançılığa məruz qalmış olan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərində yerli iqtisadi yüksəlişə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizinin regional və qitələrarası müstəvidəki əhəmiyyəti isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir. Məhz bu alternativliklər sayəsində yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizinin Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı yaranır. Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda deyil, eyni zamanda bütün Avrasiyada böyük əhəmiyyətə malik olan yeni kommunikasiya xəttidir və regionda sülhün təməl sütunlarından biridir. Həmçinin bölgə dövlətləri arasında iqtisadi, ticarət əlaqələrini inkişaf etdirmək üçün mühüm rol oynayacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bu xüsusda bildirib: “Ermənistanın kapitulyasiya aktını imzalamasından ötən bir il yarım ərzində Naxçıvana gediş-gəlişin açılmaması üçtərəfli bəyanatın müvafiq müddəasının pozulmasıdır. Biz kommunikasiyaların, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikası ilə əlaqənin açılması ilə bağlı Ermənistandan 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata riayət edəcəyini gözləyirik. Təəssüf ki, Ermənistanın kapitulyasiya aktını imzalamasının üzərindən artıq bir il yarım keçir, amma bu vaxtadək gediş-gəliş yoxdur. Bu, qəbuledilməzdir. İlk növbədə, bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatın müddəasının pozulmasıdır. Bu, həmçinin regionda disbalans yaradır, çünki eyni bəyanata əsasən Azərbaycan Ermənistandan erməni əhalinin yaşadığı Azərbaycanın Qarabağ regionuna maneəsiz gediş-gəlişi öhdəsinə götürüb. Bir il yarımdır ki, Ermənistan Laçın yolunu bu maneəsiz əlaqə üçün istifadə edir. Lakin azərbaycanlılar bizi Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizindən, Ermənistandan keçən yoldan istifadə edə bilmirlər. Bu, ədalətli deyil və biz bununla razılaşmayacağıq”.
Buradan aydın olur ki, Ermənistan həmişəki kimi öz ampulasındadır və heç bir reallığı qəbul etmir. Amma Erməsintan dövləti özü də çox gözəl bilirki, bu dəhlizin açılması daha çox Ermənistan üçün vacibdir. Çünki bu dəhliz vasitəsi ilə onun iqtisadiyyatı inkişaf edəcək. Əgər Ermənistan bu regionda sülh əmin-amanlıq, iqtisadi inkişaf istəyirsə bu dəhlizi açmalıdır. Əks halda regionda heç bir sülh, iqtisadi inkişafdan söhbət gedə bilməz. Nəticədə isə həmişə olduğu kimi, uduzan tərəf Ermənistan olacaq. Bunu Azərbaycan öz siyasi, iqtisadi inkişafı ilə həmişəki kimi sübut edir. İndi Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəliyi yerinə yetirməlidir.
Vasif Əsdanov
YAP Xızı rayon təşkilatının fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB