"Müsbət dəyişikliklərin olması üçün Forum olduqca əlverişli platformadır” - DEPUTAT ŞƏRH ETDİ

"Müsbət dəyişikliklərin olması üçün Forum olduqca əlverişli platformadır” - DEPUTAT ŞƏRH ETDİ

"Qlobal Bakı Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yarandığı ilk vaxtlardan bəri əsasən Nizami Gəncəvi irsinin öyrənilməsi və onun dünyada təbliğ olunması istiqamətində işlər həyata keçirir. Mərkəzin əsas məqsədi dünyadakı xalqlar, millətlər, dinlər arasında tolerantlığın, tanışlığın daha geniş miqyasda davam etdirilməsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, bu cür forumlar 2013-cü ildən təşkil olunur: "Bu günə qədər keçirilən forumlarda əsasən dinlərarası və mədəniyyətlərarası münasibətlər, regionda gedən proseslər, dünya birliyini, ictimaiyyəti narahat edən proseslərin həlli istiqamətində məsələlər müzakirə olunur.

Eyni zamanda bu il Bakıda keçirilən IX Qlobal Bakı Forumunda “Qlobal dünya nizamına təhdidlər” mövzusu gündəmə çıxarılmışdır. Bu da olduqca aktual məsələdir. Bu forumda təmsilçilik ən yüksək səviyyədə idi. Dünyanın 50-dən çox ölkəsindən nümayəndələr iştirak etmişdir. Eyni zamanda Gürcüstanın, Bolqarıstanın, Albaniyanın dövlət başçıları, beynəlxalq və regional təşkilatların təmsilçiləri bu forumda iştirak ediblər. Cənab Prezident tərəfindən qəbul olunublar. Bu forumda dünyada təhlükəsizliyin təmin olunmasının perspektivləri, eyni zamanda müxtəlif ölkələrdə sülhün, əməkdaşlığın bərqərar olunmasının təbliği, qloballaşan dünyada artan ədalətsizliyin, yoxsulluğun qarşısının alınması kimi bir sıra mühüm dünyəvi problemlər müzakirə edilib. Eyni zamanda ölkə başçısının IX Qlobal Bakı Forumunda mühüm çıxışlarını qeyd etmək lazımdır. Çünki dünyada baş verən hadisələrə dövlət başçısı tərəfindən də toxunulub. Azərbaycanın mövqeyi bildirilib, onun sülhsevər siyasəti haqqında məlumat verilib, mövqeyi ortaya qoyulub, eyni zamanda regionda yaranmış yeni reallıqlar barədə söhbət açılıb".

Deputat həmçinin qeyd edib ki, bu forumda ölkə başçısının bir sıra mesajları da səsləndirilib: "Regionda sülhün, sabitliyin bərqərar olunması üçün Ermənistan tərəfi Azərbaycanın sülh təklifini qəbul etməlidir, təxribatlara son qoyulmalıdır. Dövlət başçısı xüsusilə Zəngəzur dəhlizinin önəmindən bəhs edib. O, qeyd edib ki, Zəngəzur dəhlizi açılmadığı müddətdə regionda sülh danışıqlarından söhbət gedə bilməz. Düşünürəm ki, bu cür beynəlxalq platformada əsas məqsəd sülhün, birgə yaşayışın təmin edilməsidir. Eyni zamanda bü cür forumların Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Ölkəmizin etibarlı tərəfdaş olduğunu bütün dünyaya nümayiş etdirir. Müsbət bir dəyişikliklərin olması üçün bu forum olduqca əlverişli platformadır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə