ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV: “Biz ilk dəfədir Silahlı Qüvvələr Gününü Müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatı ilə 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu yüksək döyüş bacarığını nümayiş etdirərək bütün dünyaya öz gücünü, qüdrətini göstərdi. Ermənistan və havadarları tərəfindən işğal olunmuş torpaqlarımız əsgər və zabitlərimizin qanı və canı bahasına azad edildi. Bu, Prezident İlham Əliyev tərəfindən son 19 il ərzində həyata keçirilən “Güclü ordu - güclü dövlət” strategiyasının və "dəmir yumruq" siyasətinin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyev ötən il iyunun 26-da Silahlı Qüvvələr Günün 103-cü ildönümü ilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki nitqində qürur hissi ilə qeyd edib ki, biz ilk dəfədir Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik: "İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Bu günü biz hər il təntənə ilə qeyd edirdik. Müxtəlif tədbirlər keçirilirdi. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir", deyən dövlət başçısı vurğulayıb.
“Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Dəfələrlə demişdim ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Belə də oldu. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”, deyən Ali Baş Komandan söyləyib ki, bu Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır: "Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik!... Çünki nəyi demişiksə, onu da etmişik".
Dövlət başçısı çıxışı zamanı onu da bildirdi ki, biz cəsarət göstərdik, milli ruh nümayiş etdirdik və istədiyimizə nail olduq: "Bir daha demək istəyirəm ki, İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq”.
ÜMUMMİLLİ LİDERİN HAKİMİYYƏTƏ QAYIDIŞINDAN SONRA ORDUMUZDA VƏ XALQIMIZDA QƏLƏBƏYƏ QƏTİ İNAM YARANDI
1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu, ilk müdafiə naziri isə Xosrov bəy Sultanov təyin edildi. Daha sonra – dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular.
Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək cəsarət və igidlik göstərdi, Qazaxda Azərbaycan sərhədini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri sonrakı dövrdə qorunub saxlanıldı və inkişaf etdirildi. Bu, ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Əbədiyaşar lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Ulu Öndər hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə milli zabit kadrların yetişdirilməsininə çalışırdı. Çünki hələ yaxın keçmişdə Azərbaycan Ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qalmışdı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet hakimiyyəti illərində çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək.
Bu siyasətin mahiyyətini yaxşı bilən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən qısa müddət sonra - 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndərimiz azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail olmuşdu. Bu gün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində misilsiz igidliklər göstərdilər.1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edildi. Lakin müstəqilliyin əvvəllərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda belə ordu quruculuğu işinin öhdəsindən gələ bilmədilər. Nəticədə torpaqlarımızın 20 faizi işğal olundu, vətəndaş qarşıdurması baş verdi, Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Belə bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi.
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi. Bundan ruhlanan ordumuz ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə uğurlu hücum əməliyyatları keçirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Ordusunun ilk sınağı 1994-cü ilin yanvarında oldu. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
MÜSTƏQİL AZƏRBAYCANDA ORDU QURUCULUĞU PREZİDENT İLHAM ƏLİYEVİN HAKİMİYYƏTİ DÖVRÜNDƏ TAMAMİLƏ YENİ MƏRHƏLƏSİ
Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Məhz bu gün müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin son 19 illik hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı. Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra - 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.
“GÜN GƏLƏCƏK VƏ BU GÜN İŞĞAL ALTINDAKI TORPAQLAR AZAD OLUNANDAN SONRA ORADA QALDIRILACAQ AZƏRBAYCAN BAYRAĞI AZADLIQ MEYDANINA GƏTİRİLƏCƏK VƏ HƏRBİ PARADDA GÖSTƏRİLƏCƏK”
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Dövlətimizin başçısının qəti əminliklə dediyi bu sözlər – xalqımızın həsrətlə gözlədiyi qələbə arzuları çox keçmədən həyata keçdi. 2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına – Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi. Bəli, bu həmrəylikdən – “Dəmir yumruğ”a gedən, güclənən, möhkəmlənən Qalib Ordudur.
44 GÜNDƏ MÜMKÜNSÜZÜ MÜMKÜN EDƏN GÜCLÜ AZƏRBAYCAN ORDUSUDUR
Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. Müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ali Baş Komandan, Prezident İlham Əliyev də çıxışlarının birində demişdi ki, müasir mütəşəkkil ordu yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Hadisələrin sonrakı inkişafının sübut etdi ki, 1993-cü ilin 15 iyununda Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Və bu uğurlu siyasətin layiqli davamçısı son 19 ildə Prezident İlham Əliyevin diplomatik və "Dəmir siyasəti" nəticəsində 44 gündə mümkünsüzü mümkün edən Güclü Azərbaycan Ordusu 30 illlik torpaq həsrətinə son qoyaraq qələbə Zəfərinə nail oldu. Bu Zəfər qələbəsi Qətiyyətli Lider, müzəffər Ordu, yenilməz xalq birliyi Azərbaycanın yeni və möhtəşəm tarixini yaratdı. Silahlı Qüvvələrimiz döyüş meydanında öz qəhrəmanlıqlarını sərgilədi. Bəli, bu qələbə Prezident İlham Əliyevin “nəyi nə vaxt, necə etmək lazım olduğunu bilərək, “Güclü ordu - güclü dövlət” strategiyasının və "Dəmir yumruq" siyasətinin nəticəsidir və bu siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi. Çünki dövlət başçımız iqtisadi sahədə əldə etdiyimiz gücü Ordumuzun müasir texnologiyalarla təchiz edilməsinə və peşəkarlığının artırılmasına yönəltdi. Hərbçilərin mənzil-məişət şəraiti yaxşılaşdırıldı, hərbçilərimiz beynəlxalq təlimlərə qatıldılar.
Son 19 il ərzində Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə bəyan edirdi ki, Ermənistan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinə ciddi səy göstərməsə, Azərbaycan torpaqlarını müharibə yolu ilə geri qaytaracaq. Və bunu da etdi. 2020-ci il sentyabrın 27-də başladığımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev cənablarının "dəmir yumruğu" düşmənlərimizi acı və tarixi məğlubiyyətə düçar etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyəti haqqında kapitulyasiya aktı oldu. Bu Bəyanatı imzalamaqla Dağlıq Qarabağ ifadəsi gündəmdən çıxdı və Azərbaycanda belə bir ərazi vahidi artıq mövcud deyil. Bəli, Prezident İlham Əliyevin nəyi necə və vaxt etmək lazım olduğunu çox yaxşı bildiyi siyasətin nəticəsi budur.
Azərbaycan Prezidenti İlham Əliyev xalqa dəfələrlə etdiyi müraciətlərində bildirib ki, biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq: “Biz öz torpağımızda döyüşürük, vuruşuruq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və biz haqq yolundayıq. Bizim əsgərimiz xilaskar əsgərdir. Çünki öz doğma dədə-baba torpağını işğalçılardan azad edir”. Bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Ali Baş Komandanın rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib, regionun və dünyanın 50 güclü orduları sırasına yüksəlib. Və 2022-ci il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 milyard 489 milyon 892 min 429 manat vəsait ayrılıb. 2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 milyard 153 milyon 165 min 727 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 milyon 501 min 146 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 milyon 585 min 091 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 milyon 119 min 118 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 milyard 605 milyon 521 min 347 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 milyard 600 milyon 442 min 500 manat vəsaitin ayrılması nəzərdə tutulub.
PREZİDENT İLHAM ƏLİYEVİN SƏRƏNCAMLARI İLƏ 76 MİN 349 HƏRBİ QULLUQÇU MÜXTƏLİF ORDEN VƏ MEDALLARLA TƏLTİF EDİLİB
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.Azərbaycan Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 min 349 nəfərdir.
QÜDRƏTLİ ORDU, GÜCLÜ İQTİSADİYYAT, BEYNƏLXALQ ARENADA ÖNƏMLİ MÖVQE, MÜSTƏQİL XARİCİ SİYASƏT VƏ QALİB ÖLKƏ
Bəli, qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. Və bu gün biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “güclü dövlət” konsepsiyanın əsasını təşkil edən üç mühüm güc - iqtisadi, siyasi, hərbi güc və onların vəhdəti Azərbaycanın Vətən müharibəsinin başlıca hərəkətverici qüvvəsi oldu. Bu gün hər bir vətəndaş, bütün dünya hərbçilərimizin peşəkarlığını, ordumuzun gücünü gördü. Onu da gördü ki, Güclü Azərbaycan Ordusu və məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək 44 gündə təcavüzkar Ermənistanın 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovdular: «İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Bu qələbənin əsası isə Ali Baş Komandan, Prezident İlham Əliyevin yeni inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən çoxşaxəli islahatlar, kompleks tədbirlər sayəsində əldə edilən uğurlardır. Bu hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsaitin ayrılması, ölkənin müdafiə sənayesi yaradıldı, ordumuz ən müasir silahlarla təchiz edilməsinin reallığıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Düşmənlə üz-üzə hərb meydanında Zəfər qazanmağımızın səbəblərindən bir də məhz bu amildir. 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır.
MÜSTƏQİLLİK TARİXİNİN ƏN BÖYÜK ZƏFƏR BÜDCƏSİ
44 günlük Vətən müharibəsinin qalib dövlətinin 2022-ci il üçün hazırlanan iqtisadi konstitusiyasını zəfər büdcəsi də adlandıra bilərik. Çünki bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş bir ölkənin müstəqillik tarixinin ən böyük büdcəsidir. Əgər Vətən müharibəsi Azərbaycanın hərbi gücünün təntənəsi oldusa, gələn ilin büdcəsi isə ölkəmizin iqtisadi qüdrətini təcəssüm etdirən reallıqdır. Çünki Azərbaycan son 19 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana iqtisadiyyatın üç dəfədən çox artması, ölkə iqtisadiyyatına 300 milyard dollara yaxın investisiya yatırılması bunu təsdiq edən ən vacib faktlardır. Tarixi qələbəmizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədinin etibarlı qorunması üzrə tədbirlərin maliyyələşdirilməsi növbəti ilin büdcəsinin prioritet xərclərinin vacib istiqamətləri kimi qalacaq. Belə ki, bu ilin dövlət büdcəsi xərclərinin 15 faizi, yəni 4 milyard 490 milyon manat həcmində vəsait bu məqsədlər üçün nəzərdə tutulub.
Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur. Bu günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.Bir sözlə, bu gün Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda da görüb. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Çünki güclü ordu isə güclü dövlət deməkdir.Və beləliklə, bu qələbənin nümayişi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər Paradında bir daha dünyaya göstərildi. Bu Paradla Qarabağ Azərbaycandır! nidasının təntənəsi, "Dağlıq Qarabağın" statusunun olmayacağının Azadlıq meydanında nümayişi, işğalçı Ermənistanın yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkməsinin nümayişi idi.
DOSTLUĞUN VƏ QARDAŞLIĞIN RƏMZİ AZƏRBAYCAN-TÜRKİYƏ
Paradda qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daha bir əyani nümunəsi oldu. Bütün dünya bir daha gördü ki, ulu öndərlərimiz Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyənin Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. İki ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq."Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”, - deyə Prezident İlham Əliyev paradda çıxışı zamanı bildirdi.Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur.
Bəli, ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində "Dağlıq Qarabağ" problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: "Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB