Enerji təhlükəsizliyi siyasəti Azərbaycan Respublikasının xarici siyasətinin aparıcı istiqaməti kimi ŞƏRH
Müasir Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin siyasi kursunun varisi, nüfuzlu dövlət başçısı, müasir dövrün parlaq lideri və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin enerji sahəsindəki siyasəti vətənimizin hal-hazırda regional və beynəlxalq platformalarda əldə etdiyi uğurlarının daim dinamik şəkildə inkişafına şərait yaratmışdır. Burada təbii ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər və regionda yaranan reallıqlarında böyük təsiri vardır. Beynəlxalq müstəvidə ölkəmizin yüksək səviyyədə təmsil olunması, etibarlı tərəfdaş olması, eləcə də bu cür beynəlxalq layihələrin Azərbaycanda keçirilməsi vətənimizin əldə etdiyi uğurların ən bariz nümunələrindən biridir. Cari ilin 16-18 iyununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumunun keçirilməsi və gündəlikdə olan məsələlərin Azərbaycan Respublikası tərəfindən beynəlxalq aləmin diqqətinə çatıdırılması qloballaşan dünyada bizim də söz sahibi olmağımızı və aparıcı oyunçu statusuna malik olduğumuzu sübut edir. Forumda müzakirə olunan ən önəmli və qlobal məsələlərdən biri də enerji təhlükəsizliyi ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirmişdir: “Enerji təhlükəsizliyi ilə bağlı bir neçə kəlmə demək istərdim. Çünki bu da qlobal gündəliyin aktual məsələlərindəndir. Azərbaycanın enerji resurslarına ehtiyac artmaqdadır. Bu il fevral ayının 4-də “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və gələcək addımlarımızı müzakirə etdik. Lakın Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Biz bir çox ölkənin artan tələbatını təmin etmək üçün əlimizdən gələni edirik. Son bir neçə ay ərzində bir çox Avropa ölkəsindən qaz təchizatı ilə bağlı bizə müraciətlər daxil olub. Əlbəttə, bu, asan məsələ deyil. Çünki əvvəlcə həmin qaz hasil edilməlidir və biz qaz hasilatını artırmağı planlaşdırmırdıq. Hazırda bu məsələ ilə bağlı biz Avropa Komissiyası ilə çalışırıq. Biz Avropa Komissiyası ilə enerji dialoquna start vermişik. Buraya yalnız qaz deyil, neft, elektrik enerjisi və hidrogen daxildir. Bərpaolunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var”. Göründüyü kimi, enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzində qalmaqdadır. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Azərbaycan Respublikasının aparıcı mövqeyə malik olması heç şübhəsiz cənab Prezident İlham Əliyevin milli maraqlarımızın fonunda fəal və uzaqgörən xarici siyasət strategiyası ilə bağlıdır.
Osman Əliyev
YAP Yasamal rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB