Peşəkar və Vətənə sadiq Ümummilli Lider - ŞƏRH

Peşəkar və Vətənə sadiq Ümummilli Lider - ŞƏRH

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.

Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış etdi: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.

Hər bir xalqın tarixində yaddaşlarda əbədi yaşayan günləri, gələcəyini müəyyənləşdirən sınaq anları olub. Əsas odur ki, dövlətin varlığını, xalqın taleyini müəyyən edəcək bu imtahan xalqın istəyinə uyğun nəticələnsin. Azərbaycanın müstəqillik tarixində xüsusi yeri olan və hər zaman məsuliyyətli dövr kimi dəyərləndirilən 1993-cü ilin iyun hadisələrinin xronologiyasını nəzərdən keçirməklə deyilənlərə aydınlıq gətirmək mümkündür. Həmin dövrdə respublikanın düşdüyü ağır iqtisadi, sosial, siyasi –ictimai mənəvi böhran daha da dərinləşmiş, son həddə çatmışdı. « Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çıxmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdır» sözləri ilə ölkədəki vəziyyətin dözülməzliyindən narahat olduğunu bildirən ulu öndər Heydər Əliyev xalqın müraciətini bütünlükdə Azərbaycanın varlığının qorunması kimi dəyərləndirərək xilaskarlıq missiyasına razılıq verdi.

Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaradan 1993-cü ilin 4 iyununda Gəncədə baş verən qiyam respublikamızı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalq təşviş içərisində idi. O dövrdə hakimiyyəti tankların gücü ilə zəbt etmiş AXC-Müsavat cütlüyünün səbatsız iqtidarlığından cana doyan, çıxılmaz vəziyyətdə olan xalq xilaskar kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, müdrik siyasətçi Heydər Əliyevə müraciət edərək Azərbaycanı gözləyən bəlalardan xilas etməyi xahiş etdi. Müstəqillik tariximizə «91-lər» adı ilə daxil olan ölkə ziyalılarının Ulu Öndərə müraciəti xilaskar Heydər Əliyevin Bakıya qayıtması üçün çağırış oldu. 9 İyunda xüsusi təyyarə ilə Bakıya qayıdan, Gəncədə baş verən hadisələri yerində öyrənən Ulu Öndər Milli Məclisdə əsl vəziyyət barədə məlumat verdi. 15 iyunda keçirilən Milli Məclisin fövqəladə iclasında parlamentin Sədri seçilən ulu öndər Heydər Əliyev deputatlar qarşısında çıxış edərək ona göstərilən etimad üçün minnətdarlığını bildirdi: "Bu sahədə mən nə lazımsa edəcəyəm və heç kəsin şübhəsi olmasın ki, mən ömrümün bundan sonra qalan hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm".

Ölkədə sabitliyin bərqərar olması üçün gərgin iş aparıldığı bir vaxtda Prezident Əbülfəz Elçibəy müəmmalı şəkildə Bakını tərk etdi. İyunun 18-də Heydər Əliyev yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət etdi. O, hamını təmkinli olmağa, milli birliyə, vətəndaş həmrəyliyinə çağırdı. Milli Məclisdə keçən müzakirələrdə Əbülfəz Elçibəyə ünvanlanan müraciətlər bir nəticə vermədi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi.

Heydər Əliyev bu dövrdə əhalini döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü.

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran faktorlar böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft kontraktları imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyi möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.

Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.

Prezident Heydər Əliyev nitqində qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bu ilin aprelində silahlı qüvvələrin təmas xəttində baş verənlər sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. Bütün komponentlərdə düşməni üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan ordusunun qüdrətini nümayiş etdirdi.
Avqustun 7-də cənub bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu. Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşüb vəziyyəti müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” Qərar qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu bədnam iddiaya son qoyuldu.

Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi.

Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur.

“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” –sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu.

Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasınınxarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Hərc-mərclik və ölkədə tüğyan edən özbaşınalıq bunu tələb edirdi. Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ümummilli Lider hakimiyyətə gəlişinin ilk illərindən etibarən ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.

Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər öz titanik fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcəkdir.

Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Rahim Babayev

Xəzər rayonu, Mərdəkan “Heydər Cümə” məscidinin Dini İcmasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə