Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və dostluğun yeni tarixi mərhələsidir ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına qoşub. Müzəffər ordumuzun gücü, qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında və Vətən müharibəsi döyüşlərində bir daha təsdiqlədi. Qalib və yenilməz ordumuzun 44 günlük uğurlu əks-hücum əməliyyatı ilə İkinci Qarabağ müharibəsi bizim böyük Zəfərimizlə bitdi. Qardaş Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. Azərbaycan da Türkiyənin maraqlarını öz maraqları kimi hər zaman inamla müdafiə edib. Xatırladaq ki, 2019-cu ildə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş tədbirdə Türkiyə tərəfi təmsil olunmurdu. Tədbirdə iştirak edən Azərbaycan Prezidenti həmin dövrdə Ermənistan Prezidenti Sarkisyanın Türkiyənin ünvanına səsləndirdiyi əsassız ittihamlara sərt şəkildə cavab verdi. Cənab Prezident İlham Əliyev bildirdi ki, Türkiyə burada təmsil olunmur, amma mən buradayam. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” də böyük əhəmiyyətə malikdir. Bu tarixi sənədin imzalanmasından bir il ötür. Bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada cənab Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalamasıdır. Müzəffər ordumuzun tarixi qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya bəyan etdi. Bu tarixi Bəyannamənin siyasi əhəmiyyətini müəyyənləşdirən mühüm amili, bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların, məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Bu tarixi sənəd Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və dostluğun yeni tarixi mərhələsidir. Şuşa Bəyannaməsini iki ölkənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. 2021-ci il iyunun 15-də Qarabağın incisi Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Mədəniyyət mərkəzi Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirir. Bu tarixi Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Türkiyə Cumhuriyyəti ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması iki qardaş ölkə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Şuşa Bəyannaməsi, həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Tarixi Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. İki qardaş ölkə arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Həçinin bölgədə inteqrasiya proseslərini də stimullaşdırır və əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradacaq. Azərbaycan və Türkiyə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, eyni zamanda, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyi təsdiq edən Şuşa Bəyannaməsi "bir millət - iki dövlət"in bütün sahələrdə birliyini, müttəfiqliyini göstərir. 1994-cü il 9 fevral tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, həmçinin 2010-cu il 16 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Cumhuriyyəti arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni rəhbər tutan tarixi sənəd müxtəlif adlar altında olsa da gələcəkdə də əhəmiyyətini itirməyərək Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin daim zirvədə olacağının təsdiqidir.Azərbaycan və Türkiyə arasında imzalanmış Bəyannaməni ölkəmizin siyasi, diplomatik və iqtisadi uğurudur. Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Bu tarixi Bəyannamə Azərbaycan ilə Türkiyə arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri ulu öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürk kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib.Azərbaycan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. Vətən müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Ölkəmiz bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.Bu tarixi sənəd respublikamızda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilib və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənib. Şuşa bəyannəməsinin dəstəklənməsi həm də ölkəmizdə siyasi həmrəylik nümunəsidir.
Fərid Mustafayev
YAP Yasamal rayon partiya təşkilatının AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun ərazi partiya təşkilatının sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB