“Paşinyan elektoratına güvənərək addımlar atacaq” AÇIQLAMA

“Paşinyan elektoratına güvənərək addımlar atacaq” AÇIQLAMA

“Ermənistanın düşdüyü ağır iqtisadi, siyasi durumla bağlı olaraq, vaxtaşırı baş nazir Nikol Paşinyan parlamentdə çıxış edir. Paşinyan həm deputatlar qarşısında vəziyyəti izah edir, həm də bununla Ermənistanın daxili auditoriyasına mesajlar ötürür”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Ermənistanda müxalifətin etiraz nümayişləri, ilk növbədə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə bağlıdır: “Demək olar ki, bu etiraz mitinqlərində Paşinyan xain və satqın olaraq günahlandırılırdı. Paşinyanın daimi olaraq əsas vurğuladığı məsələ bundan ibarətdir ki, o Qarabağı uduzmayıb, siyasi diplomatik sahədə Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Koçaryan Qarabağı uduzublar. Bu, həqiqətən də belədir. Məhz ATƏT-in zirvə toplantıları, ATƏT-in Minsk Qrupunun bəyanatları, BMT-in Təhlükəsizlik Şurasının qətnamələri, Avropa İttifaqının, İslam Əməkdaşlıq təşkilatının, Qoşulmama Hərəkatının qərar və qətnamələri məhz Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı xüsusi vurğulayıblar. Məhz bu qərar və qətnamələr sayəsində Azərbaycanın Vətən müharibəsində beynəlxalq hüquq nöqteyi nəzərdən öz ərazilərini işğaldan azad etməsi faktoru gücləndirildi. Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünün müdafiə hüququndan istifadə edərək torpaqlarını düşmən işğalından təmizlədi. Hazırda isə siyasi sahədə və informasiya müharibəsi siqmentində mübarizə davam edir. Paşinyana qarşı davamlı təzyiqlərin və müqavimətin kökündə revanşistlər və millətçi radikal kəsim dayanır. Son dövrlər isə Saqatilyanın rəhbərlik etdiyi müqavimət hərəkatında bir məğlubiyyət işartıları vardır. Çünki İrəvanın Fransa meydanında qurulan çadırlar artıq yığışdırılır və müxalifətin məğlubiyyəti boynuna alması faktı qeydə alınır. Xüsusilə qeyd etməkdə fayda var ki, növbədənkənar parlament seçkilərində “Şərəfim var” və “Hayastan bloku”na qalib gələn Paşinyanın partiyası məhz demokratik yolla müxalifəti məğlub etmişdi. Hazırda isə radikal yollarla hakimiyyəti devirmək planları da parktiki nəticələrini vermir və siyasi sahədə məğlub olan müxalifət zorakı yollarla hakimiyyətə can atsa da bu da bir nəticə vermədi. Lakin müxtəlif ittihamlar və şər böhtan kampaniyaları da davam etdirilir. Bunun da cavabını məhz elə bəyanatlarla və açıqlamalarla da Ermənistanın baş naziri verir. Ona görə də, bu siyasi durğunluq prosesinin hələ uzun müddət davam edəcəyi gözlənilir və proseslərdə iqtidar müxalifət mübarizəsi sürəkli olaraq müşahidə olunacaq. Paşinyan da özünün müxalifətə güclü göstərmək və elektoratına güvənərək addımlar atacağı da proqnozlaşdırılır”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə