Xalqımızın taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gündən düz 30 il ötür və bu gün Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan çox ciddi ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu və ölkənin inkişafının təməlləri qoyuldu. Biz Azərbaycan xalqı olaraq bu günü artıq fərqli əhval-ruhiyyə ilə qeyd edirik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan böyük təhlükələrlə üzləşdi. Ölkədə hakimiyyət böhranı kulminasiya həddinə çatmış, xaos və anarxiya respublikanı bürümüşdü. Vətən torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyət də anlayırdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxara biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız onu təkidlə hakimiyyətə gəlməyə çağırırdı. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətini bərqərar etdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq fəaliyyətinə başladı. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Bunun nəticəsi olaraq, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi baza formalaşdı. Xalqını, vətənini canından artıq sevən müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də buna nümunədir. Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlarda infrastruktur quraraq, Şuşada beynəlxalq tədbirlər həyata keçirərək, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz işlər görür. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.
Zahid Cəfərov
Yap Yasamal rayon təşkilatının Bakı Dövlət Universiteti (Z.Xəlilov k. 23)
üzrə ərazi partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB