Lavrovun İrəvandakı məlum ifadəsi Rusiya XİN-nin saytından buxarlandı SİYASİ RAKURS+AKTUAL

Lavrovun İrəvandakı məlum ifadəsi Rusiya XİN-nin saytından buxarlandı SİYASİ RAKURS+AKTUAL

Nə edəsən, qocalıq və tükənmək heç nəyə baxmır, xüsusilə, Lavrov kimi pensiyaçı yaşda olan insanlarda...

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvanda səfərdə olduğu zaman jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycanın Xocalı rayonunun Fərrux kəndi haqqında verilən sualla bağlı kifayət qədər qəribə və eyni zamanda, təəccüb doğuran bəyanat səsləndirməsi və ölkəmizin ərazisi daxilində delimitasiya haqqında danışması təbii ki, rəsmi Bakının da diqqətindən yayınmadı və dərhal reaksiya verildi. Azərbaycan XİN-dən bildirilib ki, delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. "Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür", deyə Azərbaycan XİN-nin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib. Onun sözlərinə görə, bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur.

Rusiya XİN-i düzəliş etdi

Onu da qeyd edək ki, məhz erməni KİV-lərinin Lavrovun anlaşılmaz bəyanatından dərhal istifadə etmələri və hətta bu bəyanatdan sonra Şuşanın, Hadrutun ermənilərə geri qaytarılacağı (?!) ilə bağlı həyasız xülyalarını dilə gətirmələri elə də uzun çəkmədi. Məsələ ondadır ki, həmin bəyanat Rusiya XİN-nin rəsmi saytından buxarlandı və əvəzedici ifadə ilə dəyişdirildi. Rusiya Xarici İşlər Nazirinin düzəliş edilmiş açıqlaması belədir: “Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artırılmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək”.

Bütün bunlar öz yerində, amma etiraf edə bilərik ki, əslində, Sergey Lavrov bu kimi bəyanatlarını səsləndirərkən ehtiyatlı olmalı idi və Azərbaycan dövlətinin, xalqının maraqlarına qarşı, ən əsası isə ərazi bütövlüyümüzlə bağlı məsələyə daha diqqətli olmalı idi. Və paralel olaraq bu gün Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazisi haqqında fikirlər bildirilərkən o da unudulmamalıdır ki, Bakının 1 il 7 ay əvvəl nümayiş etdirdiyi jesti müqabilində Qarabağa müvəqqəti yerləşdirişmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) SƏMƏRƏSİZ fəaliyyəti də daxil – heç kim, heç vaxt bu torpaqlarda özbaşınalıqlar edə bilməz və bunu sübut edən faktorlar da mövcuddur.

Misal üçün, xatırlada bilərik ki, cari ilin martında Azərbaycan Ordusu məhz RSK-nın gözü önündə silahlanan, səngərlər qazan, istehkamlar və dayaq məntəqələri quran silahlı erməni quldurlarına yenə də RSK-nın gözləri önündə kəskin qulaqburması verdi. Nəticədə Xocalı rayonunun Fərrux kəndi, habelə Daşbaşı yüksəklikləri tam nəzarətimiz altına alındı. Artıq bu gün Fərrux kəndində bir nəfər də olsun erməni separatçısı yaşamır və yalnız RSK həmin kəndin daxilində dayanmaqdadır. Azərbaycan Ordusu isə bu əraziləri tam mühasirədə saxlayır, istədiyi vaxtda mövqe dəqiqləşdirmələri aparır!

Erməni tərəfi 2020-ci ilin 10 noyabr bəyanatında qəbul edilmiş şərtlərə əməl etməsi yerinə hələ də nala-mıxa döyəcləyir

Ola bilsin ki, Lavrov nə qədər peşəkar diplomat olsa da, artıq yaş və qocalıq öz sözünü deyir və xüsusilə, onun Ankaradan sonra İrəvana səfər etməsi, ardınca isə məlum anlaşılmaz bəyanatını irəli sürməsi yəqin ki, gərgin işin nəticəsidir.

Ancaq maraqlıdır ki, erməni tərəfi 2020-ci ilin 10 noyabr bəyanatında qəbul edilmiş şərtlərə əməl etməsi yerinə hələ də nala-mıxa döyəcləyir, üstəlik, həyasızcasına Moskvadan Fərruxla bağlı izahatlar tələb edir və s. Əbəs deyil ki, İrəvandakı brifinq zamanı erməni jurnalistlərindən biri Lavrovdan Moskvanın Azərbaycan Silahlı Qüvvələrinin əvvəlki mövqelərinə çəkilmələri ilə bağlı hansı işlər gördüyünü soruşdu. Lavrovun cavabı isə brifinqdə iştirak edən erməni jurnalistlərini sözün əsl mənasında şoka saldı – Fərrux hara, delimitasiya hara? Hətta belə bir fikir də önə sürüldü ki, görünür Lavrov regionun coğrafiyası ilə elə də məlumatlı deyil. Yoxsa o tamamilə başqa məsələni nəzərdə tuturdu? Məhz bu səbəbdən Azərbaycan XİN dərhal həmin məsələyə müvafiq reaksiyasını verdi.

Diplomatiyada “quş buraxmaq”

Amma buna da baxmayaraq sual yaranır: axı Rusiya kimi ölkənin XİN rəhbəri bu qədər böyük səhvə yol verə bilərmi? Əslində, daha bir fakt budur ki, Lavrov yalnız bizim regionla bağlı deyil, digər geosiyasi məsələlərdə də el dili ilə desək, “quş buraxır”, diplomatiya leksikonuna aid olmayan normativləri pozur və s. Ona görə də gərgin işindən dolayı ehtimal etmək mümkündür ki, Lavrovun sinirləri artıq əvvəlki kimi deyil və pozulub. Üstəlik, daha əvvəl Çernoqoriyanın (Monteneqro) daha əvvəl öz hava məkanını onun təyyarəsinin üzünə bağlaması, ardınca isə İrəvan küçələrində erməni müxalifətçilərinin “Lavrov suka” şüarlarını səsləndirmələri də, əslində, bu cür düşünməyə əsaslar verir.

Bəli, Lavrov son vaxtlar yaman çox çaşır. Onun gah “Ukrayna nasistləri”, haqqında, gah da Adolf Hitlerin “yəhudi” olması barədə fikirləri də qeyd edilənlərə aid ola bilər. Yeri gəlmişkən, Adolf Hitlerin “yəhudi” olması ilə bağlı bəyanatından sonra Rusiyanın prezidenti Vladimir Putin İsraildən üzr istəməli oldu. Əks halda bu bəyanat hər iki ölkə arasındakı münasibətləri kökündən pozacaqdı.

Bütün bu kimi faktorları sadalasaq, Lavrovun Fərrux kəndini Azərbaycanın Ermənistanla sərhəd gözündə görməsinin məhz tükənməsi ilə əlaqələndirə bilərik.

Ermənilər necə vəcdə gəldilər?

Görün onun bəyanatı necə səs-küy salıbsa, hətta erməni müxalifətçilər belə çaş-baş qalıblar. Məsələn, Ermənistan parlamentinin “Hayastan” müxalif blokunun təmsilçisi Armen Aşotyan “Lavrovun sözlərinin əlavə izahata ehtiyacı var” deyə bildirib və “cənab Lavrovun sözlərinin Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə məşğul olan komissiyaya aidiyyatı varmı? - Əgər belədirsə, onda hansı sərhədlərdə? Əgər belə deyilsə, ya mən onu doğru anlamamışam, ya da o toponimləri səhv salıb...”, fikrini önə sürüb.

Daha bir erməni müxalifəti deputatı Artur Kazinyan bəyan edib ki, Lavrovun bəyanatından sonra “anlaşılmaz situasiya” yaranıb. “Əgər bu boş söz deyilsə onda gələcəkdə gündəliyə “Dağlıq Qarabağın” sərhədləri salınmalıdır, o cümlədən, Şuşa və Hadrutun “qaytarılması” məsələsi də tələb edilməlidir”, deyə Kazinyan sərsəm və əsla mümkün olmayacaq xülyalarını dərhal işə salıb. Amma ermənilərin xam xəyallara qapılmaları çox az sürüb. Yuxarıda da qeyd etdiyimiz kimi, Rusiya XİN əvvəlcə kasuzlu situasiyanı şərhsiz qoyub və yalnız günün sonuna yaxın nazirliyin rəsmi saytında yerləşdirilmiş stenoqramdakı Lavrov ifadələri qəribə şəkildə buxarlanıb, yoxa çıxıb...

Rövşən RƏSULOV

P.S. Nə edəsən, qocalıq və tükənmək heç nəyə baxmır, xüsusilə, Lavrov kimi pensiyaçı yaşda olan insanlarda...

Bütün xəbərlər Facebook səhifəmizdə