“TEKNOFEST Azərbaycan” qardaş ölkələrin texnoloji əməkdaşlığını dərinləşdirəcək - ŞƏRH

“TEKNOFEST Azərbaycan” qardaş ölkələrin texnoloji əməkdaşlığını dərinləşdirəcək - ŞƏRH

İlk öncə əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə gənc nəsildə texnologiyalara böyük maraq oyatmış “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ölkəmizdə parlaq gələcəyin olmasından və yüksəkixtisaslı tədqiqatçıların, kadrların yetişməsində böyük rol oynayacaqdır. Yazımın bu yerində, ixtisasım iqtisadiyyat olduğu üçün diqqətimi cəlb edən və bütün iqtisadçılarımızı sevindirəcək bir məqamı qeyd etmək istəyirəm ki, ölkəmizdə böyük təntənə ilə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı rəqəmsal iqtisadiyyatı və ümumiyyətlə, İqtisadiyyat sahəsinin gənclərimiz arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc iqtisadçıların və mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması,eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qəti olaraq əminik ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra da bütün sahələrdə dinamik olaraq inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq.

Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,Xalqımız dövlət müstəqilliyinin 104-cü ildönümünü həmrəylik və milli qürur ovqatında qarşıladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Müstəqillik Günündə Azərbaycanda olmaları əsl qardaşlıq nümunəsini dünya birliyinə bir daha nümayiş etdirdi. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı isə doğrudanda dost ölkələrə və düşmənə, bədxahlarımıza göstərdi ki,türk dünyası ayaqdadır və bundan sonrada yıxılmayacaqdır. Pezidentimizin vurğuladığı kimi,Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paraddan, ardınca 2020-ci ilin Zəfər paradından və 2021-ci il iyunun 15-də – Milli Qurtuluş Günündə imzalanmış tarixi Şuşa Bəyannaməsindən sonra dünya mayın 28-də onu da gördü ki, Türkiyə-Azərbaycan birliyi müttəfiqlik zirvəsinə təsadüfən yüksəlməyib. Çünki bu münasibətlər etnik kök birliyi, dil,din və irq eyniliyi, ortaq milli-mənəvi dəyərlərlə yanaşı, bütün müstəvilərdə, xüsusilə dövlət başçıları səviyyəsində səmimiyyətə, qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa söykənir. Lakin o da həqiqətdir ki, bəzən etnik və tarixi köklər də ayrı-ayrı dövlətləri qarşıdurmadan, münaqişə və müharibələrdən, qan tökülməsindən hifz edə bilmir. Çox təəssüf ki,yaxın coğrafiyada bu acı nümunəni dəfələrlə biz müşahidə edirik.

Cənab Prezident İlham Əliyev festivaldakı nümunəvi çıxışında Türkiyə-Azərbaycan,iki qardaş ölkələr arasında münasibətlərin özəlliyini xüsusi vurğuladı: “Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar.Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir…

Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun”. Belə ki,hər iki dost-qardaş ölkələrin Prezidentləri İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da aktiv iştirak edərək çıxış etmələri, festivalın əhəmiyyətini bir daha ortaya qoydu və ölkələrimizin birliyini,nümunəvi həmrəyliyini bütün dünyaya göstərdi. Qürurla qeyd edirəm ki, Festivalda iştirak edən “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarın soyadı bu tədbiri xaricdən izləyən bəzilərinə bir daha xatırlatdı ki, 44 günlük Vətən müharibəsində “Bayraktarları” ölüm maşını adlandırdıqları halda, Ukraynadakı uğurlarına görə indi onu vəsf edənlər, ədalətin yalnız bir üzünün olduğunu etiraf etməlidirlər.Hazırda dünyanın güc dövlətləri artıq onu da qəbul etməlidirlər ki, bir coğrafiyada yekdilliklə separatçılığın əleyhinə çıxmaq, digərində isə onu təşviq etmək birmənalı olaraq ədalətə və hüquqa kölgə salmaq deməkdir.Nəhayət, o da etiraf olunmalıdır ki, ölkələrin ərazi bütövlüyünü və onların suverenliyini təhdid edən separatçı meyillərin yolverilməzliyinə dair vahid mövqe ortaya qoyulmadıqca, dünya birliyi daha böyük təhlükələrlə üzləşməli olacaq. Sonda qeyd etmək istəyirəm ku,Festivalın fəxri qonağı, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin “Tanrı Türkü qorusun!” diləyi böyük Türk dünyasına ünvanlanan xüsusi anlamlı mesaj idi.

Vüqar MƏMMƏDOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyə ixtisasının məzunu,Saatlı "Araz-Şöhrət" şirkətində direktor müavini

Bütün xəbərlər Facebook səhifəmizdə