Yeni salınan parklar Bakının simasını daha da gözəlləşdirir TƏHLİL
Dünyanın ən gözəl şəhərlərindən seçilən və nadir şəhərlər sırasında yer alan paytaxt şəhərimiz Bakı hər ötən gün mübaliğəsiz desək gözəlləşir. Tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz abidələri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb. Tarix boyu bu şəhər öz əzəməti, füsunkarlığı ilə diqqəti cəlb edib. Böyük elmi-mədəni və sənaye mərkəzi olan Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunur. Bu gün ölkəmizin iqtisadi və sosial həyatında baş verən dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunduğundan ölkəmizin hər bir yerində abadlıq, quruculuq işləri geniş vüsət alıb. Dinamik inkişaf, infrastrukturun yeniləşdirilməsi, geniş vüsət almış tikinti, quruculuq və abadlıq işləri regionlarla yanaşı, paytaxt Bakıda da uğurla davam etdirilib. Yeni parklar, xiyabanlar, körpülər salınır, bəziləri isə müasir üslubda yenidən qurulur. Artıq müasir Bakı bir neçə il əvvəl gördüyümüz Bakı deyil. Köhnə məhəllələri, parkları yeniləri əvəzləyir ki, bu da hər bir insanın qəlbində qürur hissi oyadır. Yeni park, istirahət məkanı və guşələrinin yaradılması, əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması insanların rahatlığına, gözəl istirahətinə yönəlmiş layihələrdir. Paytaxtımızın Səbail rayonunda yeni salınmış "Çəmbərəkənd" parkı da bu istiqamətdə görülən işlərin davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Çəmbərəkənd" parkında yaradılan şəraitlə tanış olub. Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni parkda yaşıllaşdırma işləri aparılıb, 1200 metr uzunluğunda piyada yolları salınıb, sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Ərazisi 4 hektar olan parkda insanların rahat istirahəti üçün hər cür şərait yaradılıb. "Çəmbərəkənd" parkında görülən işlər ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olmaqla paytaxtımızın daha da gözəlləşməsinə xidmət edir.
BAKININ SİMASINDA MÜASİRLİK
Dövlət başçısının Azərbaycanın inkişafı ilə bağlı müəyyənləşdirdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlərin miqyası ilbəil daha da artır. Paytaxtımızın görkəmi dəyişir, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması istiqamətində ardıcıl işlər görülüb. Bakının ümumi görünüşünü daha da müasirləşdirən şəhərdəki ən hündür bina olan "Alov qüllələri" kompleksi, Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği və s. istiqamətində sistemli fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, eləcə də Xalça muzeyi, Bakı Su İdmanı Mərkəzi və eləcə də digər tikililər Bakının simasına müasirlik gətirib.
Bugünki müasir Bakının ruhu cəlbedicidir və burada olan müasir üslublu muzeylər, teatrlar, konsert zalları, Dənizkənarı Milli Park, eyni zamanda, milli və xarici mətbəxi ilə seçilən kafelər, restoranlar şəhərə rəng əlavə edib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərinə, onun zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına diqqət o qədər böyükdür ki, bunu təkcə ölkə vətəndaşları deyil, xarici dövlətlərdən gələn insanlar belə etiraf edir.
PAYTAXTIMIZIN QOYNUNDA GÖZƏLLİK VƏ MÖHTƏŞƏMLİK
Əlbəttə ki, Bakıdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindəndir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. Bu bənzərsiz, möhtəşəm görkəm Bakının dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub. Bakı Bulvarında bərpa edilən "Qu quşları" fəvvarə kompleksi də paytaxtımızın əzəmətinə, görkəminə xüsusi bir rəng qatıb. Bakı Bulvarının tarixi rəmzlərindən biri olan "Qu quşları" fəvvarə kompleksi 60 ildən artıq tarixə malikdir. Paytaxtımızda qurulan "Qu quşları" fəvvarəsi də sakinlərin sevimli məkanlarından biri kimi hər zaman sevilib. Dünyaşöhrətli, Azərbaycanın dahi şairi Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin "Yeddi gözəl" poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə paytaxtın gözəl məkanlarından biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edilib. Bu məkan müasirləşən paytaxt Bakının görkəminə daha bir gözəllik və möhtəşəmlik gətirib. İndi şəhərimizin sakinləri və buraya üz tütan minlərlə əcnəbi bu gözəlliyi seyr edərək qədim və müasir Bakının gözəlliklərinə və hüsnünə heyran qalırlar.
Bakıda salınan və şəhərimizin ən böyük parklarından biri olan Dədə Qorqud parkı da şəhərimizin gözəlliyinə əlavə olunan yeni gözəllikdir. Böyük istirahət məkanı olan Dədə Qorqud parkı estetik görkəmi ilə yanaşı, keçmişimizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, tariximizə olan bir diqqəti özündə əxz edir.
Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın salınması da xüsusi əhəmiyyət kəsb edir. Buranın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanı yaradılmasıdır. Bu şəhərin simasını daha da gözəlləşdirməklə yanaşı, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə də töhfə verir.
Son illərdə salınan parkların sayı gün-gündən artır. İşğaldan azad olunan Qarabağımızda abadlıq və quruculuq işlərinin geniş vüsət almasına baxmayaraq, Azərbaycanın hər bir guşəsində, eləcə də paytaxtımızda abadlıq-quruculuq işləri davamlı olaraq uğurla həyata keçirilir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB