"Dəhliz Azərbaycanın Avropaya enerji ixrac etməsində mühüm rol oynayacaq" - MÜSAHİBƏ-VİDEO

"Dəhliz Azərbaycanın Avropaya enerji ixrac etməsində mühüm rol oynayacaq" - MÜSAHİBƏ-VİDEO

Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdik edirik.

- Bildiyimiz kimi ölkəmizdə enerji həftəsi keçirilir. Ölkə başçısı da Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak etdi və bir sıra önəmli mesajlar verdi. Ümumiyyətlə bu tədbirin keçirilməsinin əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə ki, son dövrlərdə Azərbaycanda çox tarixi hadisələr baş verir. Keçən həftə biz Azərbaycan-Türkiyə qardaşlığının bir simvoluna çevrilmiş “Teknofest” festivalının fəxrini yaşadıq. Bu həftə də əlbəttə ki, Azərbaycan çox böyük tədbirə ev sahibliyi etdi. Bildiyimiz kimi enerji həftəsi çərçivəsində dünyanın bir çox ölkələrindən Azərbaycanın tərəfdaşları, müxtəlif beynəlxalq, iqtisadi qurumların nümayəndələri həmin tədbirdə iştirak etdilər. Biz bununla bir daha bütün dünyaya sübut etdik ki, Azərbaycan dünyanın əvəzedilməz tərəfdaşıdır.

Bildiyimiz kimi 90-cı illərin əvvəllərində Azərbaycanda çox mürəkkəb bir siyasi vəziyyət hökm sürürdü. Ölkəmiz uçurum qarşısında idi. Həmin dövrdə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etməyə başladı, silahlı qruplaşmalar ləğv olundu, cinayətkar dəstələr zərərsizləşdirildi. Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan təbii ehtiyatlarını, enerji resurslarını, Xəzər dənizinin imkanlarını dünyaya açdı. Bu Azərbaycanın nüfuzunun bir göstəricisidir. Biz bu gün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz gücə çevrilmişik.

- Brüssel görüşündən sonra Ermənistanda aksiyalar keçirildi. Ermənistan tərəfindən sülhlə bağlı hər hansı bir fəallıq görmədik. Sizcə, bu nəyə yönəlikdir?

- 44 günlük Vətən müharibəsindən sonra Ermənistanda bu aksiyalar, iğtişaşlar davam edir. Bu proses Ermənistan üçün heç də yaxşı vədlər vermir. Ermənistan cəmiyyətində bu gün böyük parçalanmalar var. Müəyyən revanşist qüvvələr xalqı yenidən öz tərəfinə çəkməyə başlayır. Əlbəttə ki, bütün bunların hamısı əbəs yerədir. Ermənistan cəmiyyəti də başa düşür ki, gələcək sülh və təhlükəsizlikdən asılıdır. Azərbaycan bölgənin təhlükəsizliyini təmin etməyi qarşısına tək məqsəd qoyub. Biz Ermənistana sülh təklif edirik. Amma Ermənistanın sülhə gedəcəyi sual altındadır. Bundan əvvəlki danışıqlarda Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət olan razılığı Paşinyan qəbul edib. Amma sonrakı dövrlərdə Ermənistanın müəyyən məsələlərdə qeyri-konstruktiv mövqe saxladığını görürük. Danışıqlarda böyük irəliləyiş əldə etmək olar. Çünki biz sülh istəyirik.

- Radikal müxalifət sanki qəfəsdən çıxmış kimi bir növ aksiyaları qızışdırmaqda maraqlıdır. Onlar Ermənistanda hökumət binalarına hücum edirlər. Onların bu əməlləri silahlı qarşıdurma ilə nəticələnə bilər?

- Ermənistanda elə bir imkan yoxdur ki, ölkədə hər hansı bir qarşıdurma yaransın. Bu gün aksiya keçirənlər uzun illər Ermənistanı idarə edən quldur dəstələrinin qalıqlarıdır. Hakimiyyət qanunun imkan verdiyi çərçivədə həmin qüvvələrə öz yerini göstərməlidir. Çünki başqa çıxış yolu yoxdur.

- Bildiyimiz kimi hələ də Azərbaycan ilə Ermənistan arasında böyük sülh sazişi imzalanmayıb. Azərbaycan ilə Ermənistan arasında sülhün olacağına inamınız varmı?

- Əlbəttə ki, Azərbaycan ilə Ermənistan arasında barışıq olmalıdır. Bu labüddür. Azərbaycan-Ermənistan sərhədində yenidən gərginlik müşahidə olunur. Ermənistan adlanan ərazidən Azərbaycanın sərhədləri atəşə tutulub. Bu cür revanşist mövqelər mövcuddur. Amma Azərbaycan bu təxribatların qarşısını yerindəcə alır. Bütün bunlara baxmayaraq biz sülhün tərəfdarıyıq.

- Prezident İlham Əliyev Azərbycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmayacağı təqdirdə ölkəmizin də analoji yanaşma ortaya qoyacağını vurğulayıb. Bu arqument Ermənistan üçün nə dərəcədə təsirli olacaq?

- Cənab Prezidentin bu mesajı Ermənistan üçün çox ciddi xəbərdarlıqdır. Ərazi bütövlüyünün tanınmaması məsələsi o deməkdir ki, biz də öz tarixi torpaqlarımızla bağlı iddia qaldıra bilərik. Bildiyimiz kimi Ermənistan adlanan ərazi tarixi Azərbaycan ərazisidir. Amma biz bu gün bütün bunlara baxmayaraq sülh təklifi edirik. Amma Ermənistan təəssüf ki, Azərbaycanın irəli sürdüyü təkliflərə əməl etmək istəmir.

- Sizcə, erməni tərəfi sülhün əldə edilməsinə, Azərbaycanla əlaqələrin qurulmasına, regionda ticarət yollarının açılmasına hazırdırmı?

- Görünür Ermənistan bu bataqlıqdan çıxmaq istəmir. Əlbəttə ki, Ermənistan bəzi qüvvələrə güvənir. Bildiyimiz kimi Brüssel görüşündən sonra Ermənistan cəmiyyətində müxtəlif fikirlər səsləndirildi. Ermənistanın bu məsələlərdən boyun qaçırmasından asılı olmayaraq Azərbaycan dövləti qərarlıdır. Zəngəzur dəhlizi açılacaq. Çünki bu dəhliz bütün dünya üçün önəmlidir. Bu dəhliz eyni zamanda Azərbaycanın Avropaya enerji ixrac etməsində mühüm rol oynayacaq.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə