"Münasibətlər Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı" - DEPUTAT ŞƏRH ETDİ

"Münasibətlər Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan və Türkiyə arasında olan münasibətlər tarixi Şuşa Bəyannaməsi ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bu müttəfiqlik hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində özünü göstərir: "Ölkələrimiz arasında olan münasibətlər bundan sonra yüksələn xətlə ancaq irəliyə doğru gedəcək. Artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Azərbaycan müstəqil dövlətdir və müstəqil siyasət yürüdür. Təbii ki, müttəfiqlərini də özü seçir. Cənab Prezident İlham Əliyevin özünün də qeyd etdiyi kimi Azərbaycan xalqının və dövlətinin milli maraqları müdafiə olunmalı və Azərbaycan hər zaman müstəqil siyasət aparmalıdır. Göründüyü kimi bu, dövlət siyasətinin mütləq prioritetləridir".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, mayın 28-də Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı Azərbaycan və Türkiyə birliyinin, qardaşlığının növbəti əyani təcəssümüdür: "“TEKNOFEST Azərbaycan” festivalında çıxış edərkən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-Türkiyə qardaşlığından bəhs edərək ölkələrimizin hər zaman, istər yaxşı günlərdə, istərsə də çətin günlərdə bir-birinin yanında olduğunu qeyd etdi. Cənab Prezident İlham Əliyev çıxışında Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı ölkəmizə göstərdiyi yüksək mənəvi və siyasi dəstəkdən danışaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” sözlərini bir daha xatırlatdı. Təbii ki, qardaş Türkiyə Respublikasının Prezidentinin bu sözləri xalqımız, ölkəmiz üçün əlavə güc mənbəyi oldu. Azərbaycan xalqı heç zaman bunu unutmayacaq. “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalında çıxışı zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmalarını əlamətdar hadisə olaraq qiymətləndirdi. Əziz Səncər və Selçuk Bayraktarı gənclər üçün gözəl örnək, nümunə olaraq göstərən ölkə başçısı yetişən gənc nəslin bu şəxslər kimi vətənpərvər olmağa çalışacağına öz əminliyini də bildirdi.

“TEKNOFEST Azərbaycan” festivalında çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birliyinin tarixinə diqqət çəkərək 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində xalqlarımızın ortaq mübarizəmizdə bərabər olmasından bəhs etdi. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlət, iki xalqdır.

Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir, deyə vurğulayan cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Silahlı Qüvvələrinin igid mənsublarının Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atdıqlarına diqqət çəkdi.

Qardaş ölkənin başçısı Şuşa Bəyannaməsinin əhəmiyyətindən danışaraq bir sıra önəmli mesajlar da verdi. Müharibədə olduğu kimi, sülh dönəmində də Türkiyə qardaş Azərbaycanın yanındadır. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir. Bölgədə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəf dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə