İnsan kapitalı Azərbaycan dövlətinin əsas gücüdür - ŞƏRH

İnsan kapitalı Azərbaycan dövlətinin əsas gücüdür - ŞƏRH

“Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır.” – bu fikirlərlə Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının tam yeni müstəviyə keçdiyinin təntənəsini ifadə etdi. Ölkə başçısı bu mütərəqqi festivalın iki qardaş ölkələr arasında yaxınlaşmanın, əməkdaşlığın inkişafında mühüm rolunu qeyd etdi.

“TEKNOFEST”-in Azərbaycanda keçirilməsi, yeni texnologiya xarüqələrinin nümayiş edilməsi, gənclərin tamamilə yeni layihələrlə yarışması böyük mütərəqqi hadisədir. Türkiyə-Azərbaycan dostluğunun yeni müstəvidə davam etməsi yeni perspektivlərə yol açır. 44 günlük müharibədə Türkiyə istehsalı pualardan istifadə dünya müdyasında ikili yanaşmanın ifrat formasında təhlil olunurdu. Bu aspekti əsas götürərək Azərbaycan dövlətinin və Türkiyə Cümhuriyyətinin dövlət imicinə ləkə vurmağa çalışan sovinist qüvvələr məqsədlərinə çatmadılar. Post müharibə dövründə Azərbaycanın qeyri-hərbi sahələrdə Türkiyə ilə əməkdaşlığı, eləcə də “TEKNOFEST” yaradılmış süni stereotipləri məhv etdi.Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 28-də - Müstəqillik Günündə ölkəmizə səfəri və Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etməsi qardaşlıq və müttəfiqlik münasibətinin daha bir nümunəsidir. “Bir millət, iki dövlət, tək festival” şüarı ilə keçirilən “TEKNOFEST Azərbaycan” festivalı bir çox tarixi məqamlarla yadda qaldı. İlk növbədə, qeyd etmək lazımdır ki, hazırda dünyada informasiya texnologiyalarının inkişafı, innovasiyalar, alternativ və daha sürətli həll mexanizmlərinin tətbiqi geniş vüsət alır. Ayrı-ayrı dövlətlər bu sahədə müxtəlif layihələr həyata keçirirlər. Bakıda keçirilən bu festival aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin inkişafına və gənclər arasında təbliğinə töhfələr verəcəkdir. Həmin sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunması gənclərimizdə bu sahəyə marağı daha da artıracaq. Prezident İlham Əliyevin dediyi kimi, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Onların hər ikisi gənclər üçün örnəkdirlər. Elm, texnologiya və innovasiya dövlətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir.Prezident İlham Əliyev çıxışında “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişi, onun təzahürü kimi qiymətləndirdi. “TEKNOFEST”-i elm, inkişaf, bilik, texnologiya bayramı adlandıran ölkə başçımız “TEKNOFEST”də bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gənclərini artıq bir ailə kimi gördüyünü bəyan etdi. Təbii ki, bu bərabərliklər yeni layihələrə yol açacaq. Artıq türk dünyasının iki qardaş dövlətinin gəncləri birgə texnologiya əsrini yönləndirəcək imkanları yaradacaqlar.

Cənab İlham Əliyev qardaş dövlətlərin Zəfər paradında təntənəli iştirakını öz çıxışında xatırlatdı: “Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.” Hələ də müharibə təhlükəsi sovuşmayan bir dövlətin başçısının belə bir mesajı mühüm siyasi əhəmiyyət kəsb edir.

Leyla Hüseynova

YAP Yasamal rayon təşkilatının

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun

ərazi partiya təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə