Qardaşlıq və dostluğun simvolu: Türkiyə-Azərbaycan birliyi ŞƏRH

Qardaşlıq və dostluğun simvolu: Türkiyə-Azərbaycan birliyi ŞƏRH

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş Azərbaycan və Türkiyə münasibətləri qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında müasir dövrümüzdə daha da möhkəmlənib. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçib. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoymuşdur.

Bu günlərdə Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı da qardaşlığın təcəssümü olaraq dünyaya birliyimizi bir daha göstərdi. Türk dünyasında ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümündə bu festifalın keçirilməsi əlamətdar hadisəyə çevrildi. "TEKNOFEST Azərbaycan" aerokosmik və texnologiya festivalında çıxış edərkən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bildirdiyi kimi, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. "30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir", - deyə Cənab Prezident bildirib.

Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələri bu baxımdan ən yaxşı nümunələrdir. Görülən işlər, həyata keçirilən tədbirlər iki dövlət arasında əlaqələrin gücləndirilməsinə təkan verməklə yanaşı, Azərbaycanın rifahı və gələcək inkişafında önəmlidir. Təbii ki, bu uğurların reallaşmasında hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır. "Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik" – deyən dövlət başçısı Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanına çıxdıqlarını xatırladıb: "Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşımla birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq".

Tarixin sınaqlarından daim uğurla çıxan Azərbaycan-Türkiyə birliyi son zamanlar cərəyan edən hadisələr fonunda bir daha sarsılmaz olduğunu nümayiş etdirir. Vətən müharibəsində bütün dünya dövlətlərimizin sarsılmaz birliyinin bariz nümunəsini gördü və 44 günlük müharibədə Türkiyə mənəvi və diplomatik dəstəyini göstərərək dünyaya Türkiyə Azərbaycanın yanındadır, mesajını verdi. Təbii ki, buna qədər də Türkiyə Azərbaycanın yanında olduğunu əməli fəaliyyətdə sübut etmişdir. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir.

"Bu gün "TEKNOFEST" bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür", - deyən Azərbaycan Prezidenti bildirib ki, "TEKNOFEST" elm, inkişaf, bilik, texnologiya bayramıdır: "Əminəm ki, "TEKNOFEST"də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar".

Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Türkiyə bütün müharibə dövründə Azərbaycanın yanında olduğu kimi, tikinti-quruculuq, abadlıq-bərpa işlərinin sürətlə aparıldığı bir zamanda da Azərbaycanın yanındadır. Bu gün artıq Azərbaycanın Zəfər qazanması ilə bölgəmizdə yeni vəziyyət, yeni reallıq yaradılmışdır. Türkiyə bütün müharibə dövründə Azərbaycanın yanında olduğu kimi, tikinti-quruculuq, abadlıq-bərpa işlərinin sürətlə aparıldığı bir zamanda da Azərbaycanın yanındadır. Şərqi Zəngəzur və Qarabağ bölgələrinin bərpasında Türkiyənin bir çox şirkətləri çalışırlar. Türkiyə və Azərbaycan prezidentlərinin Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakı, Zəngilanın Ağalı kəndində keçirilən rəsmi mərasim iki qardaş ölkənin dostluğunun təzahürüdür. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada iki qardaş dövlət tərəfindən Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Bəyannamə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi olmaqla yanaşı, əməkdaşlığın strateji əhəmiyyət kəsb edən bütün sahələrini əhatə edir. Şuşa Bəyannaməsinin imzalanması iki dövlətin gələcək iş birliyinin istiqamətini göstərmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "Bu Bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır". Şübhəsiz ki, reallaşan layihələr, görülən işlər bir daha deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qardaşlığı, strateji əməkdaşlığı regionda sülhün, təhlükəsizliyin qarantına çevriləcək.

NATİQ ALLAHVERDİYEV

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə