Baydenin təbrik məktubu İlham Əliyevin uğurlu siyasətinə verilən qiymətdir - ŞƏRH

Baydenin təbrik məktubu İlham Əliyevin uğurlu siyasətinə verilən qiymətdir - ŞƏRH

Xalq, dövlət üçün liderin şəxsiyyəti çox mühüm amildir. Ötən əsrin sonlarında xalqımız bir tərəfdən ölkənin ərazi bütövlüyünü müdafiə edir, digər tərəfdən isə daxili sabitsizlikdən əziyyət çəkirdi. Yalnız ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra xalqımız yeni tarixi mərhələyə qədəm qoydu və ölkədə sabitlik yarandı. Bu gün ulu öndərimizin layiqli davamçısı Qalib Liderimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin uğurlu inkişafını inamla davam etdirir.

Məhz bu uğurlu siyasətin nəticəsidir ki, okeanın o tayından güclü dövlət ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti İlham Əliyev cənablarına diplomatik münasibətlərin 30 illiyi ilə bağlı ünvanladığı təbrik məktubu ölkəmizə və dövlət başçımıza olan diqqətin növbəti təzahürüdür və eyni zamanda, Azərbaycanın bölgədəki nüfuzunun göstəricisidir.

Qeyd edək ki, Azərbaycan-ABŞ münasibətləri ötən 30 ildə hər iki dövlətin maraqları və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri çərçivəsində inkişaf edərək ən müxtəlif sahələri əhatə edib. İstər siyasi, istərsə də iqtisadi sahələrdə ölkələr arasında uğurlu əməkdaşlıq formatları qurulub. Bu gün Azərbaycan ABŞ-ın təşəbbüsü ilə formalaşan beynəlxalq antiterror tədbirlərinə fəal dəstək verir. ABŞ Azərbaycanın enerji siyasətində yer alan əsas tərəfdaşlardan biridir. Və ABŞ Prezidenti Cozef Baydenin 28 May - Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu ölkəmizin regiondakı və dünya birliyindəki yerini, rolunu, mövqeyini, tərəfdaş ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş, eyni zamanda, Azərbaycanın milli maraqlarına xidmət edən siyasəti nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib. Beynəlxalq aləmdə böyük nüfuza malik olan Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər onun hərtərəfli güclü dövlət olduğunu bütün dünyaya sübut etdi. Dünya ölkələri isə hər zaman güclü dövlətlərlə əməkdaşlıqda maraqlı olurlar. Və bu baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır.

Co Baydenin təbrikində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığı vurğulanıb. Onu da vurğulamaq lazımdır ki, ABŞ Azərbaycanın neft strategiyasının həyata keçirilməsini ilk gündən dəstəkləmişdir. Bu illər ərzində neft və qazımızın ixracının həyata keçirilməsi üçün ərsəyə gətirdiyimiz neft və qaz ixrac marşurutları bu gün daha çox əhəmiyyətli olub. Məhz ABŞ lideri məktubda regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında Azərbaycanın roluna da toxunub.

Həmçinin məktubda digər əsas və mühüm məsələ ABŞ-ın Ermənistanla münaqişə prosesinə, əvvəlki münaqişəyə, bunun tənzimlənməsinə, inkişafına öz mövqeyini və fikrini bildirməsidir. Məktubda deyilir: «İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.

Göründüyü kimi, dünyanın super gücü olan ABŞ Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir
Bir sözlə, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubunda qarşıdan gələn illərdə Azərbaycanla münasibətlərin daha da genişləndirmək arzusunu ifadə etməsi Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə və onun müdrik lideri Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verdiyi böyük dəyərdir.

FUAD HEYDƏR,

YAP Səbail rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə