Xalqımızın maddi-mənəvi sərvətinə çevrilmiş materialların vahid bazası yaradılacaq - TƏHLİL
Dövlət başçısının Sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə 1,0 (bir) milyon manat ayrılıb
Azərbaycan Televiziyası uzun və şaxəli yol keçib. Yarandığı vaxtdan bu günə qədər tamaşaçıların tələbatını ödəmiş, onlara dolğun məlumatların çatdırılmasında operativliyi qoruyub saxlaya bilmişdir. Müasir dövrün çağırışlarına uyğun olaraq yenilənib və inkişaf dövrünü yaşayır. Elm və texnologiyanın inkişafı tələbatların ödənilməsində müstəsnadır. Son məlumatları, dünya panoramasını bir neçə dəqiqə ərzində tamaşaçı əldə edə bilir. Azərbaycanda - Şərqdə ilk dəfə yaradılan və milyonların seyrçisi olan Azərbaycan Televiziyasının yaranması Stalin rejimindən qurtuluş tapan sovet cəmiyyətində aşkarlığın rüşeymlərinin yenicə yaranan dövrünə təsadüf edirdi. Xalqımızın siyasi və mədəni həyatında böyük yenilik kimi yadda qalan Azərbaycan Televiziyası və Teleradio xalqımızın siyasi dünyagörüşünün formalaşmasına, mənəvi-mədəni həyatının yüksəlməsinə xidmət edib, onun ictimai-siyasi ideyalarının, yüksək əxlaqi dəyərlərinin, arzu və istəklərinin ifadəçisinə çevrilib.
Mürəkkəb və çətin dövrlərdə Azərbaycan Televiziyası inkişaf yolu keçib. Onun zəngin fondu və arxivi, tariximizlə bağlıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və vahid bazasının yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə məxsus AzTV, Mədəniyyət TV, İdman TV, "Azərbaycan Radiosu" və "Beynəlxalq Radio"nun ümumilikdə bir əsrə yaxın dövr ərzində formalaşmış zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinin təkmilləşdirilməsi, əksər hissəsi Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş həmin materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə 1,0 (bir) milyon manat ayrılıb.
Kifayət qədər təcrübəsi, zəngin fondu, müasir texniki təchizatı və peşəkar kadr potensialı kanalın uğurlu dövrünü yaşayır. Əlbəttə ki, Azərbaycan Televiziyasının uğurlarını qeyd edərkən 2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalını da qeyd etməliyik. Bu kanal idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə oldu. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "İdman Azərbaycan" Televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin sübutudur. Artıq "İdman Azərbaycan" Televiziyası efir məkanında öz yerini çoxdan təsdiqləyib və fəaliyyət göstərdiyi zaman məsafəsində dövlətimizin idman siyasətinə uğurla xidmət edir. Kanal dünyanın hər yerindən bütün növ idman yarışlarını, müxtəlif çempionatları birbaşa, özü də yüksək peşəkarlıqla yayımlayır, idman xəbərlərini operativliklə tamaşaçılara çatdırır. Hər gün kanalda tamaşaçılara canlı xəbər buraxılışları, orijinal verilişlər, beynəlxalq və ölkədaxili yarış və turnirlər təqdim edilir, çempionatlar canlı yayımlanır. "İdman Azərbaycan" kanalı dünyada yeganə idman kanalıdır ki, heç bir ödəniş olmadan tamaşaçılarına idmanın bütün növləri üzrə proqramlar təqdim edir və açıq yayımdadır.
Əlbəttə ki, bu sırada 2010-cu ildə, Azərbaycan Televiziyasının 55 yaşının tamamında onun nəzdində Azərbaycan ziyalılarının və sənətçilərinin çoxdankı arzusu olan "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəldi. Bu kanalın ərsəyə gəlməsi Prezident İlham Əliyevin mədəniyyətimizə qayğısının daha bir təzahürüdür. Bu gün "Mədəniyyət" kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır. Bu kanalın verilişlərini izlədikcə, bir daha bu qənaətə gəlirsən ki, mədəniyyətimizin elə parlaq inciləri var ki, onlar yüz illər sonra da Azərbaycanı yüksək mərtəbədən təmsil edə bilər.
Dövlət başçısının Sərəncamı ilə Azərbaycan xalqının maddi-mənəvi sərvətinə çevrilmiş materialların rəqəmsallaşdırılması və vahid bazasının yaradılması zəngin audiovizual arxiv materiallarının keyfiyyətli, etibarlı və uzunmüddətli qorunub saxlanması işinə töhfə olacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB