Rusiya-Ukrayna müharibəsi bütün dünyaya təsir edir - POLİTOLOQ AÇIQLADI

Rusiya-Ukrayna müharibəsi bütün dünyaya təsir edir - POLİTOLOQ AÇIQLADI

"Heç şübhəsiz ki, Rusiyanın Ukraynaya təcavüzü fonunda baş vermiş müharibə təkcə region ölkələrinə deyil, dolayısıyla bütün dünyaya təsir edir. Bir qism dövlətlər müharibə səbəbilə qaçqın problemləri ilə üz-üzə qalıblar, bir qismi Rusiyaya tətbiq olunan sanksiyalar səbəbilə bu ölkə ilə iqtisadi münasibətlərdə problemlər yaşayırlar, Ukrayna müharibə səbəbindən ayrı-ayrı dövlətlərlə iqtisadi münasibətlərini lazimi səviyyədə həyata keçirə bilmir ki, bu da həmin ölkələrin də iqtisadiyyatına təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, müharibə səbəbilə və sanksiyaların təsiri ilə dünyada neft və qaz qiymətlərində artım müşahidə olunur ki, bu da həmçinin ərzaq məhsullarının qiymətinin artmasına da təsir göstərir: "Nəticə etibarilə müharibədən bu və ya digər səviyyədə əksər ölkələr əziyyət çəkir və problemlər yaşayırlar. Bu problemlərin aradan qaldırılmasının yeganə yolu isə müharibənin dayandırılması və Rusiyanın öz təcavüzkar siyasətindən əl çəkməsidir. Lakin təəssüf ki, qənaətim bu müharibənin hələ uzun müddət davam edəcəyi yönündədir. Çünki müharibə Rusiya ilə Ukrayna savaşından çoxdan çıxıb və beynəlxalq güclərin savaşına çevrilib. Ukrayna ərazilərinin Belarus istiqamətindən atəşə tutulması, Suriyadan gətirilən döyüşçülər və Qərb dövlətlərin Ukraynanı ardıcıl şəkildə silah və texnika ilə təmin etməsi savaşı artıq iki dövlət arasında müharibədən çıxarıb. Hadisələrin bundan sonrakı inkişafını dəqiq proqnozlaşdırmaq mümkün olmasa da dəqiq olan odur ki, savaşın davam etdiyi hər gün Rusiya daha çox itirir. Söhbət təkcə əsgər və texnika itgisindən getmir, həm də Rusiyanın maliyyə itgilərindən gedir. Sanksiyaların təsiri tədricən də olsa özünü göstərməyə başlayır. Artıq Rusiyada bir çox müəssisələrin ixtisarlara getdiyi və ya fəaliyyətini tamamilə dayandırdığı məlumdur.

İşğal altında olan ərazilərdə partizan müharibəsinin başlaması və yeni silah transferləri ilə yay aylarında müharibənin daha da şiddətlənəcəyini proqnozlaşdırmaq olar. Müharibənin davam etdirilməsi üçün Rusiyaya daha çox maliyyə lazımdır. Maliyyə isə əsasən enerji resurslarının satışından əldə olunurdu. Lakin bu gün Avropa İttifaqı tərəfindən Rusiya qarşı özündə neft və neft məhsullarına embarqonu ehtiva edən 6-cı paket sanksiyaların qəbul olunması Rusiyanı daha ağır duruma salacaq. Bura artıq Bayden tərəfindən imzalanmış Lend-Liz aktına əsasən gələn həftədən etibarən Rusiyaya uzaqmənzilli silahların da veriləcəyini nəzərə alsaq deyə bilərik ki, Rusiya üçün vəziyyət heç də ürəkaçan olmayacaq. Çünki, uzaqmənzilli silahların verilməsi o deməkdir ki, indiyə qədər ancaq qısamənzilli silahlara malik olan və daha çox müdafiə olunan Ukrayna bundan sonra hücum etmək imkanları da əldə edəcək.
Məsələ bundadır ki, Ukrayna artıq müharibənin ilk şokundan ayılıb və indi təkcə müdafiə haqqında deyil, həm də hücum haqqında düşünür. Elə dünən Ukrayna Hərbi Hava Qüvvələrinin Xarkov, Donetsk, Luqansk və Xerson vilaylətləri istiqamətində Rusiya qoşunlarının mövqelərinə havadan zərbələr endirməsi də deyilənləri təsdiq edir. Təkcə son gün ərzində Ukraynanın zenit-raket qoşunları Odessada Rusiyanın “X-22” qanadlı raketini, Donetsk və Luqansk istiqamətində 1 tankını, 4 artilleriya sistemini, 5 zirehli döyüşü maşınını və 2 avtomobilini sıradan çıxarıb. Eyni zamanda, Ukrayna Hava Hücumundan Müdafiə bölməsi Rusiyaya məxsus “X-59MK” qanadlı raketini də məhv edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya ya tezliklə müharibənin dayandırılması ilə bağlı qərar qəbul edib danışıqlara başlamalıdır, ya da uzunmüddətli müharibə Rusiya üçün ağır itkilərlə nəticələnəcək".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə