Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqi aparılacaq

Azərbaycanda kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqi aparılacaq. SİA-nın verdiyi məlumata görə, bu, parlamentin bugünkü iclasında III oxnuşda müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliklə kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin təmin olunması vəziyyətinə nəzarət qaydası məlum olur. Belə ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyin təmin olunması vəziyyətinə nəzarətin məqsədi kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə kritik informasiya infrastrukturu subyektlərinə kömək göstərilməsi yolu ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarının mühafizə edilməsindən ibarətdir.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət səlahiyyətli orqan və kritik informasiya infrastrukturu subyektləri tərəfindən həyata keçiriləcək.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi vəziyyətinə nəzarət kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə uyğunluğunun qiymətləndirilməsi və aşkar olunan uyğunsuzluqların aradan qaldırılması, bu tələblərə riayət edilməsinin yoxlanılması, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin fasiləsiz monitorinqinin aparılması, müdaxilə sınaqları və kənar audit yoxlamalarının həyata keçirilməsi vasitəsilə həyata keçiriləcək.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən riayət olunmasının yoxlanılması həmin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektlərə gəlmədən aparılacaq.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərində həyata keçirilən fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.

Kritik informasiya infrastrukturu subyektləri səlahiyyətli orqan tərəfindən aşkar edilmiş kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərin pozulması hallarını onun tələbinə əsasən təxirəsalınmadan aradan qaldırmalı və görülmüş tədbirlərin nəticəsi barədə məlumat verməlidirlər.

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair tələblərə uyğunluğun təmin edilməsi, o cümlədən informasiya təhlükəsizliyini idarəetmə sisteminin tələblərə müvafiq fəaliyyətini təşkil etmək üçün kritik informasiya infrastrukturu subyektləri ildə bir dəfədən az olmayaraq kibertəhlükəsizlik xidməti provayderi tərəfindən kənar audit yoxlamalarının keçirilməsini və onun nəticələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilməsini təmin etməlidirlər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə