Azərbaycan Xalq Cümhuriyyəti - Milli dövlətçilik tariximizin ən şanlı, ən parlaq səhifəsidir ŞƏRH

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. Çox təəssüf ki, həmin illər qarışıq idi. Həmin dövrdə Azərbaycanda bütün qüvvələri səfərbər etmək və Azərbaycan Cümhuriyyətini qorumaq mümkün olmadı. Lakin o vaxt ADR-in banilərindən biri Məmmədəmin Rəsulzadənin dediyi kimi, Cümhuriyyət Azərbaycan xalqına vəd etdiyi çox şeyi verə bilməsə də, azadlığın nə olduğunu dadızdırdı. 23 ay yaşayandan sonra o, süqut etdi və uzun illər sovet hökumətinin tabeliyində qalmağına baxmayaraq, xalqımız demokratik ideyaları daim qoruyub saxlamağa müvəffəq oldu. Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ulu Öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı və Onun müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu Öndər, həmçinin, bəyan edib ki, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb: "Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".

Şübhəsiz ki, XX əsrin sonlarında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı demokratik, müstəqil Azərbaycanın dövlətinin qorunması, möhkəmləndirilməsi 1918-ci ildə əldə etdiyimiz uğurların əbədiyyətə qədər davam etməsinə səbəb olaraq dönüş yaratdı. Ümummilli Lider Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müasir müstəqil Azərbaycan Ümummilli Liderin rəhbərliyi ilə sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndər dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".

Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı. Və bu gün milli dövlətçilik tariximizin ən şənlı, ən parlaq səhifəsi olan Xalq Cümhuriyyəti gününü işğaldan azad olunmuş torpaqlarımızda qeyd edirik. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu qürurlu tarixi bayramımızı - əbədi, sarsılmaz 28 May Müstəqillik Gününümüzü qeyd edəcəyik. Bu qürurlu tarixi və şanlı bayramımız – 28 May Müstəqillik Günü münasibəti ilə xalqımızı təbrik edirəm!

MƏŞHUR MƏMMƏDOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə