Brüsseldə növbəti DİPLOMATİK QƏLƏBƏ - TƏHLİL

Azərbaycan Prezidenti cənab İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan üçtərəfli görüşün ardınca Şarl Mişelin mətbuata verdiyi bəyanatının Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşməsi ölkəmizin, ölkə rəhbərimizin növbəti diplomatik qələbəsi hesab olunur. Bu görüşün nəticələri isə sülh müqaviləsinin imzalanması və sülh prosesinin bərqərar olması üçün növbəti bir uğur olaraq qiymətləndirilir və bu səbəbdən də bütün dünyanın diqqət mərkəzindədir.

Danışıqların Azərbaycanın milli maraqlarına uyğun olan formatda keçirilməsi isə diqqəti çəkən ən həssas məqamdır. Ermənistan tərəfinin, şəxsən bu ölkənin baş naziri Nilol Paşinyanın bu formatı qəbul edərək görüşdə iştirak etməsi bizim siyasi, diplomatik müstəvidəki üstünlüyümüzün sübutudur. Belə bir format Azərbaycanın danışıqlar masasında qalib ölkə statusunda olması ilə, eləcə də ölkə rəhbərimizin siyasi iradəsi, müdrikliyi, ağıllı, müdrik siyasət yürütməsi və hər zaman qələbə əzmində olması ilə əlaqədardır ki, bunu da Ermənistan tərəfi, bütövlükdə erməni cəmiyyəti çox yaxşı başa düşür, qəbul edir. Bu fakt özü də bizim qələbələrimizdən sayılır və artıq üstünlüyümüz danılmazdır, hansıki bu üstünlüklərimiz bizi qələbədən-qələbəyə aparır.

Bu dəfəki görüş zamanı da “Dağlıq Qarabağ“ ifadəsinin işlədilməməsi Avropa İttifaqının artıq sonuncu mövqeyini açıq-aşkar ortaya qoydu. Bəlli oldu ki, onlar Azərbaycanın yaratdığı reallıqlarla razılaşmaq məcbiriyyətindədirlər və ölkəmizin haqlı mübarizəsinə, haqq işi uğrunda mücadiləsinə, nəticədə də qələbəsinə ağız büzbəyin mümkünsüzküyünü hər kəs qəbul edir, başa düşür. Başa düşülür ki, Azərbaycan öz haqq işi uğrunda mübarizədə qətiyyətlidir və kimlərsə buna mane ola, bunun qarşısını ala bilməyəcək. Elə Qərb özü də bu məsələdə Ermənistanın həyasızlığına, riyakarlığına qoşulmaq, buna alət olmaq istəmir və onlar yaxşı başa düşürlər ki, Azərbaycan tarixi ədaləti bərpa edib.

Tarixi ədalətin bərpası özünü bir neçə istiqamətdə göstərir. Əgər bu görüş zamanı da status məsələsi ümumiyyətlə olmayıbsa, deməli, bundan sonra erməni cəmiyyətinin, bütövlükdə hayların hay-küy salmalarına artıq məhəl qoyan yoxdur. Görünür, illərlə işğal altında saxladıqları torpaqlardan qovulanların son anda status istəyinə düşməsini də hər kəs yaxşı başa düşür. Başa düşür ki, bu status bəhanəsi sadəcə çirkin niyyətlər deməkdir və ancaq erməni hiyləgərliyinin növbəti təzahürüdür, hansıki buna yol vermək qəti olmaz. İndi status məsələsinin olmaması son ümidlərini status məsələsinə bağlayanlar üzərində mükəmməl qələbə sayılır və bunu erməni cəmiyyəti ən böyük zərbə, eləcə də Azərbaycanın ən böyük uğurlarından biri kimi qəbul edir.

Azərbaycanda yaşayan erməni xalqına mənsub əhalinin hüquqları barədə danışılması da bizim maraqlarımıza xidmət edən məqamdır. Çünki Azərbaycan tərəfi, şəxsən Ali Baş Komandan, cənab Prezident İlham Əliyev hər zaman bu barədə fikirlərini bildirib və qeyd edib ki, Azərbaycanın qanunlarını, vətəndaşlığını qəbul edən hərhansı xalqın nümayəndələrinin təhlükəsizliyinə təminat veriləcək. Daha dəqiq desək, sonuncu Brüssel görüşündə yenə də Azərbaycanın, Azərbaycan Prezidentinin, bizim, xalqımızın milli maraqlarının əleyhinə heç nə səsləndirilməyib, əksinə, hər an maraqlarımıza cavab verən məqamların ortada olduğunu hər kəs açıq-aşkar şəkildə gördü. Bax, budur diplomatik qələbə və bu diplomatik qələbənin sonuncu olmayacağı da bəlli məsələdir, çünki cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən müdrik siyasi kurs, göstərilən siyasi iradə, əzm və cəsarət bizi daim qələbələrə aparır.

Sülh müqaviləsi ilə bağlı bu görüş zamanı ciddi müzakirələrin aparılması isə təsdiq edir ki, Brüssel də sülh müqaviləsinin, sülhün bərqərar olunmasının tərəfdarıdır. Biz bunun hər dəfəki görüş zamanı əyani şahidi olmuşuq və bu dəfə də bunun şahidi olduq. Bu isə o deməkdir ki, Brüsselin mövqeyi dəyişməzdir və bu məsələdə maraqlıdır. Həmçinin, kommunikasiya xətlərinin açılması istiqamətində işlərin davam etdirilməsi, Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər bu kimi məsələlərlə də bağlı geniş fikir mübadiləsinin aparılması deyilənləri bir daha təsdiq edir. Təsdiq edir ki, Brüssel Azərbaycanın maraqlarının əksinə, əleyhinə deyil. Delimitasiya, demarkasiya məsələlərinə də diqqət ayrılması özünü, Sərhəd Komissiyalarının ilk birgə iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunmasında göstərdi. Bəlli oldu ki, Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Özü də bu özünü çox gözlətməyəcək və görüşlərin növbəti aylarda davam etdirilməsi ilə bağlı razılıq özü də yaxın gələcəkdə ən yaxşı nəticələrin əldə olunacağını proqnozlaşdırmağa əsas verir.

Göründüyü kimi, cənab Prezident İlham Əliyev son Brüssel görüşündə də ölkəmizin haqlı və beynəlxalq hüquqa söykənən tələbləri ilə bağlı bir daha prinsipial mövqe nümayiş etdirdi. Ölkə rəhbərimizin siyasi iradəsi bu beynəlxalq platformada da özünü göstərdi və növbəti diplomatik qələbə kimi tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı. Çünki bu, Azərbaycanın, Azərbaycan Prezidentinin mükəmməl qələbəsi kimi qeydə alındı və bütün dünya bunu beləcə qəbul etdi. Bütün dünya artıq qəbul etdi ki, Ermənistanın rəhbərliyi yaratdığımız yeni reallığla barışmaq məcburiyyətindədir və təqdim etdiyimiz məsələlərin həll olunmasının alternativi onlarda yoxdur. Bu isə mükəmməl diplomatik qələbə deməkdir və Azərbaycan bu dəfə də belə bir möhtəşəm qələbəyə, uğura imza atdı.

Bu gün istənilən platformada, xüsusən beynəlxalq müstəvidə əldə etdiyimiz nailiyyətlər, qazandığımız uğurlar və qələbələr bizim gələcəyimiz üçün əvəzolunmazdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət Azərbaycanın strateji maraqları, ölkəmizin uğurlu gələcəyi, təhlükəsizliyi naminədir. Elə bu baxımdan da həmin siyasət cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir və alqışlanır. Çünki Prezidentmizin uzaqgörən və düşünülmüş siyasəti gələcəkdə ölkəmizin bir çox risklərdən qorunmasına, regionumuzda davamlı sülhün bərqərar olunmasına yönəlib və bu da hər bir Azərbaycan vətəndaşını sevindirir. Brüsseldə növbəti diplomatik qələbə də bu baxımdan hər bir vətəndaşımız üçün olduqca dəyərli, olduqca əhəmiyyətlidir və bizim hər birimizin bu qələbə, bu uğura görə qürur duymağa haqqımız var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...